01.06.2026
Şəki Heydər Əliyev Mərkəzi və Şəki MKS-nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı, MİHİ Şəki şəhər Komitəsi və Şəki şəhər təhsil sektorunun təşkilati dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gülən uşaqlar, işıqlı sabahlar” adlı tədbir keçirilib.
Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak edib. Bayram proqramı çərçivəsində uşaqların ifasında təqdim olunan bədii kompozisiyalar, rəngarəng rəqslər, musiqi nömrələri və şeirlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. İstedadlı məktəblilərin çıxışları tədbirə xüsusi bayram ab-havası və yüksək əhval-ruhiyyə bəxş edib.
Proqram çərçivəsində uşaqlar arasında kiçik viktorinalar təşkil olunub, fərqlənən iştirakçılar MİHİ Şəki şəhər Komitəsi tərəfindən hazırlanmış hədiyyələrlə mükafatlandırılıblar.
Çıxışlarda ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğının yüksək səviyyədə olduğu vurğulanıb, Azərbaycanda dövlət uşaq siyasətinin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğu qeyd edilib.