22.05.2026
Oğuz rayonu Heydər Əliyev Mərkəzinin, Oğuz rayon İcra Hakimiyyətinin və Oğuz rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə 2026-cı il — "Şəhərsalma və Memarlıq İli"nə həsr edilmiş "Şəhərsalma salnaməsi: Dünənin irsi, sabahın memarlığı" adlı intellektual yarış keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayon sektorunun, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Oğuz rayon sektorunun, Oğuz rayonu Heydər Əliyev Mərkəzinin əməkdaşları və Oğuz rayonu H. Babayev adına 1 saylı tam orta məktəbin, E. Abdullayev adına 2 saylı texniki-təbiət təmayüllü liseyin, N. İbrahimli adına 3 nömrəli məktəb-liseyin, həmçinin Kərimli, Bayan, Şirvanlı, Muxas, Bucaq, Xaçmaz, Sincan və Padar kənd tam orta məktəblərinin hər birindən 5 nəfərdən ibarət şagird komandaları iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra intellektual yarışın şərtləri elan olunub. Yarış iki mərhələdən — intellektual sualların cavablandırılması və yaradıcı tətbiq mərhələlərindən ibarət olub.
Maraqlı rəqabət şəraitində keçən yarışda l mərhələnin qalibi Oğuz şəhər E. Abdullayev adına texniki-təbiət təmayüllü liseyin komandası, ll mərhələnin qalibi isə Şirvanlı kənd tam orta məktəbinin komandası olub. Qalib komandalar hədiyyə və sertifikatlarla, digər komandalar isə təşəkkürnamələrlə mükafatlandırılıb.
Tədbirdə çıxış edənlər Azərbaycanın qədim və müasir şəhərsalma ənənələrinin öyrənilməsinin və təbliğinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulayıb.