14.05.2026
Mayın 14-də Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənc sənətkarlar festivalı” keçirilib.
M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzində keçirilən festivalın məqsədi gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, milli-mədəni dəyərlərin təbliği və gənc sənətkarların dəstəklənməsidir.
Festivalın açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək festivalın gənclərin yaradıcılıq fəaliyyətinə dəstək göstərilməsi, onların istedadlarının tanıdılması və milli sənət ənənələrinin yaşadılması baxımından əhəmiyyətini vurğulayıblar.
Qeyd olunub ki, belə festivallar gənclərin mədəni həyata fəal qoşulmasına, sənətə marağın artırılmasına və yeni istedadların üzə çıxmasına geniş imkan yaradır.
Festival çərçivəsində gənc sənətkarların əl işlərindən ibarət sərgi-yarmarka təşkil olunub. Sərgidə nümayiş etdirilən müxtəlif sənət nümunələri iştirakçılar və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Eyni zamanda, gənc ifaçıların çıxışları, rəngarəng musiqi nömrələri və ustad dərsləri təqdim olunub.