13.05.2026
Mayın 13-də Qəbələ rayon Heydər Əliyev Mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin şəhər 2 saylı filialının birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə “Korrupsiyaya qarşı milli iradə” adlı tədbir keçirilib.
Tədbirdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qəbələ regional bölməsinin əməkdaşları və könüllüləri, eləcə də təşkilatçı qurumların nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin maarifləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi, dövlət–vətəndaş münasibətlərində şəffaflığın artırılması və etik davranış prinsiplərinə əməl olunmasının vacibliyinin diqqətə çatdırılmasıdır. Bildirilib ki, korrupsiyaya qarşı mübarizə cəmiyyətin inkişafı, vətəndaş məmnunluğunun təmin olunması və hüquqi dövlət quruculuğu baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda mövzu ilə bağlı videoçarx nümayiş olunub, fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.