29.05.2026
Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən müəssisələr tərəfindən 29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə silsilə tədbirlər keçirilib
Tədbirlərin keçirilməsində əsas məqsəd milli və dünya rəqs sənətinin təbliği, gənc nəslin estetik zövqünün formalaşdırılması, həmçinin rəqs mədəniyyətinin inkişafına töhfə verməkdir.
Silsilə tədbirlər çərçivəsində rayon və şəhər mədəniyyət müəssisələrində konsert proqramları, rəqs kompozisiyaları, ustad dərsləri və tematik çıxışlar təqdim edilib.
Tədbirlərdə müxtəlif yaş qruplarını təmsil edən rəqs kollektivləri tərəfindən milli rəqslərlə yanaşı, dünya xalqlarının rəqs nümunələri də nümayiş olunub.
Çıxışlarda Beynəlxalq Rəqs Gününün əhəmiyyətindən bəhs edilib, bu sənət növünün xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsində xüsusi rol oynadığı vurğulanıb.
Qeyd edək ki, hər il aprelin 29-u Beynəlxalq Rəqs Günü kimi qeyd olunur. Bu gün 1982-ci ildə UNESCO-nun qərarı ilə fransız baletmeysteri, müasir dünya baletinin nəzəriyyəçisi sayılan Jan-Jorje Noverin (1727-1810) xatirəsinə ehtiram olaraq təsis edilib.