Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qastrol proqramı çərçivəsində Zaqatalada klassik musiqi axşamı

28.04.2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Bakı Dövlət Kamera Orkestri aprelin 27-də Zaqatalada konsert proqramı ilə çıxış edib.

Zaqatala rayon Mədəniyyət Mərkəzində təşkil olunan konsertdə Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə orkestrin ifasında klassik və milli musiqi incilərindən ibarət rəngarəng proqram təqdim olunub.

Gecədə Üzeyir Hacıbəylinin “Arazbarı”, Niyazinin “Arzu” və “Qaytağı”, Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollar” baletlərindən parçalar, Arif Məlikovun “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi”, Fikrət Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın bayramı” və digər əsərlər səsləndirilib.

Konsertdə Afaq Abbasova (soprano), Yeganə Axundova (piano), Rza Xosrovzadə (bariton), eləcə də Zaqatala rayon Uşaq İncəsənət Məktəbinin müəllimləri Eldar Mikayılov (tar) və Sahib Abdurahmanov (qarmon) çıxışları ilə proqramı daha da zənginləşdiriblər.

Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən olunmuş prioritet istiqamətlərdən biri – mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədlərinə uyğun olaraq həyata keçirilir.

Qastrol proqramı çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ümumilikdə 30-a yaxın konsert və bədii proqramın təqdim olunması planlaşdırılır. Layihəyə təxminən 1200 sənətçi və yaradıcı heyət üzvünün cəlb edilməsi nəzərdə tutulur ki, bu da təşəbbüsün geniş auditoriyanı və böyük coğrafiyanı əhatə etdiyini göstərir.