Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaxda Səməd Vurğunun 120 illik yubileyi qeyd edilib

13.04.2026

Aprelin 13-də Qax rayon Heydər Əliyev Mərkəzində Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr edilmiş “Mən səadət aşiqiyəm” adlı ədəbi-bədii gecə keçirilib.

 

Qax rayon Heydər Əliyev Mərkəzi, Uşaq incəsənət məktəbi və Mərkəzi Kitabxananın təşkilatçılığı ilə keçirilən tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, müəssisə və təşkilatların nümayəndələri, mədəniyyət, təhsil, səhiyyə işçiləri, həmçinin ziyalılar iştirak ediblər.

 

Tədbir iştirakçıları əvvəlcə unudulmaz şairin həyat və yaradıcılığını əks etdirən “50 illik ömür – 100 illik sənət” adlı kitab sərgisi ilə tanış olublar.

 

Çıxışlarda XX əsr Azərbaycan ədəbiyyatının qüdrətli simalarından biri, Xalq şairi, tanınmış dramaturq və ictimai xadim, dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının həqiqi üzvü Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən bu il fevralın 23-də Sərəncam imzalandığı diqqətə çatdırılıb.

 

Tədbir çərçivəsində “Vurğun keçdi bu dünyadan” videoçarxı nümayiş olunub, şairin dillər əzbəri olan şeirləri səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

 

Uşaq incəsənət məktəbinin şagirdləri şairin sözlərinə bəstələnmiş mahnılar və qəzəllər ifa ediblər.