16.03.2026
Qax rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan Mədəniyyəti–2040” Azərbaycan Mədəniyyət Konsepsiyası çərçivəsində tədbir keçirilib.Tədbirdə rayonun mədəniyyət müəssisələrinin əməkdaşları, mədəniyyət sahəsində fəaliyyət göstərən mütəxəssislər, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirin məqsədi “Azərbaycan Mədəniyyəti–2040” inkişaf strategiyasının əsas istiqamətləri barədə iştirakçıları məlumatlandırmaq, mədəniyyət sahəsində müəyyən edilmiş prioritetlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparmaqdır.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan zəngin və çoxşaxəli mədəni irsə malikdir. Milli-mənəvi dəyərlərin qorunması, mədəni irsin təbliği və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Bu baxımdan “Azərbaycan Mədəniyyəti–2040” sənədi ölkədə mədəniyyət sahəsinin uzunmüddətli inkişafını təmin edən mühüm strateji çərçivə kimi xüsusi əhəmiyyət daşıyır.
Vurğulanıb ki, strategiya çərçivəsində mədəniyyət müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi, yaradıcı sənayelərin inkişafı, mədəni irsin qorunması və rəqəmsallaşdırılması, gənclərin mədəni proseslərə daha fəal cəlb olunması kimi mühüm istiqamətlər müəyyən edilib.
Qeyd olunub ki, bu istiqamətdə regionlarda keçirilən maarifləndirici tədbirlər ictimai iştirakçılığın gücləndirilməsinə və mədəniyyət sahəsində görülən işlərin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Tədbir çərçivəsində “Azərbaycan Mədəniyyəti–2040” strategiyasının əsas məqsəd və vəzifələri, mədəniyyət sahəsində innovativ yanaşmaların tətbiqi, milli mədəni irsin qorunması və təbliği istiqamətində həyata keçirilən və planlaşdırılan tədbirlər barədə ətraflı məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.