13.03.2026
Martın 12-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Novruz bayramı münasibətilə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda sərgi təşkil olunur.
Sərgi çərçivəsində milli mədəniyyəti əks etdirən müxtəlif sənət nümunələri nümayiş olunur. Ekspozisiyada Şəki ipək sənətinin incisi hesab edilən, Azərbaycan qadınının ənənəvi baş örtüyü olan kəlağayılar, araxçın, daqqa, qədim qadın və kişi geyimləri, mis qablar, dulusçuluq nümunələri, milli musiqi alətləri, tikmə və xalça məmulatları, eləcə də şəbəkə sənətinə aid nümunələr yer alıb.
Sərgidə həmçinin şəkili maketçi-rəssam Mənsur Əzizlinin hazırladığı Şəkinin milli mətbəxini əks etdirən yeməklər və şirniyyat maketləri, rəsm əsərləri nümayiş etdirilir. Bununla yanaşı, Şəki Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli kitabxana filialı tərəfindən Azərbaycan və xarici dillərdə nəşr olunmuş kitablar da sərgidə təqdim edilir.
Sərgi mart ayının 29-dək davam edəcək.