Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə Beynəlxalq Ana Dili Günü ilə bağlı elmi-prqktiki konfrans keçirilib

19.02.2026

Şəki şəhər Heydər Əliyev Mərkəzi və ADPU Şəki filialının birgə təşkilatçılığı ilə 21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə Şəki şəhərində “Qloballaşma dövründə ana dili: çağırışlar və perspektivlər” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbir ana dilinin qorunması, inkişafı və qloballaşma şəraitində qarşıya çıxan problemlərin elmi müstəvidə müzakirəsi məqsədilə təşkil olunub.Konfransda Şəki şəhər İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının məsul şəxsləri, universitetin professor-müəllim heyəti, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda Azərbaycan dilinin dövlət dili kimi formalaşma və inkişaf mərhələləri, ana dilinin milli kimliyin və mənəvi dəyərlərin qorunmasındakı rolu, qloballaşma dövründə dil siyasətinin prioritet istiqamətləri geniş şəkildə təhlil olunub.

Məruzələrdə vurğulanıb ki, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət milli-mədəni inkişafın əsas sütunlarından biridir. Çıxış edənlər təhsil müəssisələrində ana dilinin tədrisinin keyfiyyətinin artırılmasının, gənclər arasında düzgün nitq mədəniyyətinin formalaşdırılmasının və rəqəmsal mühitdə dil normalarına riayət olunmasının vacibliyini qeyd ediblər. Eyni zamanda, qloballaşmanın yaratdığı yeni terminoloji axının dilə təsiri, dilin informasiya texnologiyaları mühitində qorunması və zənginləşdirilməsi məsələləri geniş müzakirə olunub.

Sonda “Heydər Əliyev və Ana dili” adlı videoçarx nümayiş etdirilib. Videoçarxda Ulu öndərin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət, bu sahədə qəbul olunan mühüm qərarlar və dilimizin dövlət səviyyəsində nüfuzunun artırılması istiqamətində gördüyü işlər əks olunub.