17.02.2026
17 fevral 2026-cı il tarixdə Balakən rayon Mədəniyyət Mərkəzində “Mədəniyyət Konsepsiyası–2040: ənənədən gələcəyə” başlığı altında tədbir təşkil olunub.
Tədbirdə rayon İH rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
İlk öncə rayon sənətkarlarının əl işlərindən ibarət (xalçaçılıq, dekorativ tətbiqi sənət, ağac üzərində oyma, tikmə, toxuculuq, rəssamlıq, təbii dəridən əl işləri) interaktiv sərgisi nümayiş etdirilib. Burada yerli ustalar öz əl işlərini və yaradıcılıq nümunələrini təqdim edərək, iştirakçılara Balakənin zəngin sənətkarlıq ənənələri və milli mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıblar.
Çıxış edənlər qeyd ediblər ki, “Mədəniyyət Konsepsiyası–2040” yalnız milli irsimizin qorunmasını deyil, həm də dünya mədəniyyəti ilə dialoqu və qarşılıqlı zənginləşməni hədəfləyir. Bu yolun məhz dövlətçilik dəyərlərinə sədaqətdən keçir. Biz köklərimizə sadiq qalaraq bəşəri dəyərlərə açıq, müasir mədəniyyət modeli formalaşdırırıq.
Bədii hissədə Balakən rayon Mədəniyyət Mərkəzinin kollektivi, “Cahan” avar xalq kollektivi, “Fidanlar” rəqs qrupu, “Nənələr” ingiloy və “Ebel” avar folklor qruplarının çıxışları, eləcə də müğənnilərin ifasında rəngarəng musiqi nömrələri təqdim olunub.