30.01.2026
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində tanınmış gürcü əsilli şair, publisist, üç ölkənin Yazıçılar Birliyinin üzvü və tərcüməçi Giya Paçxataşvilinin 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
M.F.Axundzadə adına Şəki Şəhər Mədəniyyət Mərkəzi və Nakam adına Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə şairin ailə üzvləri, yaxınları, mədəniyyət və təhsil işçiləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Giya Paçxataşvilinin həyat və yaradıcılıq yolu, çoxşaxəli ədəbi fəaliyyəti, müxtəlif xalqlar arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı rolu vurğulanıb, yubilyar 65 illik yubileyi münasibətilə təbrik edilib. Tədbir iştirakçılarına şairin müəllifi olduğu kitablar təqdim olunub.
Yubiley proqramı çərçivəsində Şəki şəhər Mədəniyyət Mərkəzinin musiqi kollektivlərinin ifasında rəngarəng musiqi nömrələri səsləndirilib, şeirlər oxunub və müxtəlif rəqs nümunələri təqdim edilib.
Tədbirin sonunda Giya Paçxataşvilinin həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib.