11.12.2025
Şəki şəhər İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Heydər Əliyev Mərkəzi və YAP Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin vəfatının 22-ci ildönümünə həsr olunmuş anım tədbir keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin, huquq-mühafizə orqanlarının, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, YAP Şəki Rayon təşkilatının rəhbərliyi və əməkdaşları, mədəniyyət və təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olublar.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov, YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov çıxışlarında Ulu Öndərin xalq və dövlətçilik qarşısında əvəzsiz tarixi xidmətlərindən bəhs ediblər.
Qeyd edilib ki, hələ sağlığında əfsanələşən, sarsılmaz iradəyə malik olan, xalqımızın yaddaşına Ulu Öndər kimi həkk olunan Heydər Əliyev fenomeni Azərbaycanın son 50 ilinin, xüsusilə müstəqillik dönəminin tarixini yazıb.
Ulu Öndərin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvəti, müstəqil Azərbaycan isə onun indiki və gələcək nəsillərə əmanətidir.
Vurğulanıb ki, bu gün Ulu Öndərin siyasi kursu, başlatdığı nəhəng işlər onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Vətən müharibəsində qazanılan möhtəşəm zəfər ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının nəticəsidir.
Tədbir çərçivəsində Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən “İz”sənədli filmi nümayiş etdirilib.