Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zaqatala şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir

26.05.2018

Mayın 26-da Zaqatala şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir. Konfrans Zaqatala Rayon Heydər Əliyev Mərkəzində baş tutmuşdur. Tədbir iştirakşıları ilk öncə Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. İştirakçılar daha sonra Mərkəzin həyətində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş sərgiyə baxmışlar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konfransdan öncə Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş sənədli filmə baxıblar. Daha sonra çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısının müavini Vəfa Süleymanova 1918-ci ilin mayın 28-ni xalqımızın milli azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış gün kimi dəyərləndirərək, Azərbaycan xalqının məhz həmin tarixi gündə əsrlər boyu həsrətində olduğu milli azadlığına qovuşduğunu, müstəmləkə əsarətindən qurtulduğunu və dövlət müstəqilliyini qazandığını diqqətə çatdırıb. Qeyd olunub ki, Şərqdə ilk dünyəvi dövlət olmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, qısa müddətdə böyük işlər görülüb, tarixi zəngin dövlətçilik ənənələri formalaşdırılıb.

Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı məruzələr və çıxışlar dinlənilib. Çıxış edənlər Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək dəyərləndirərək zaqatalıların dövlətimizin başçısının apardığı müdrik siyasəti bəyəndiyini və onun ətrafında sıx birləşdiyini bildiriblər.

Ümumrayon tədbiri bayram konserti və atəşfəşanlıqla başa çatıb.