05.07.2025
Şəki “İpək Yolu” XIV Beynəlxalq Musiqi Festivalı ikinci gündür musiqi sevənləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.
İyulun 5-də axşam “Marxal” kompleksinin Yay Teatrında Cahangir Cahangirov adına Xor kollektivinin konserti olub.
Konsertin əvvəlində xor kollektivinin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, unudulmaz bəstəkar, dirijor və Xalq artisti Cahangir Cahangirovun adını daşıyan Xor Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən peşəkar kollektivdir. Bəstəkarın zəngin yaradıcılıq irsi, xüsusilə xor musiqisinin inkişafında göstərdiyi xidmətlər kollektivin formalaşmasında mühüm rol oynayıb.
Konsert Xorun ifasında “Leyli və Məcnun” operası əsasında kompozisiya ilə başlayıb. Əsər Məhəmməd Füzulinin eyniadlı əsərinin motivləri əsasında hazırlanıb. Solistlər Zeynəb Nəcəfova (Leyli), Rəvan Qaçayev (Məcnun), Orxan Nur (Leylinin atası) və Zeynalabdin Kərimovdur (Məcnunun atası).
Kollektivin təqdim etdiyi “Sevgili canan”, “Arşın mal alan” və “O olmasın, bu olsun” operettaları əsasında kompozisiya, “Bəri bax”, “Aman nənə”, “Çırpınırdı Qara dəniz” və digər bəstəkar və xalq mahnıları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın simvolu təqdim olunub.