25.05.2018
25 may 2018-ci il tarixində Respublika günü münasibət ilə N.Bədəlov adına folklor evi 21 saylı tam orta məktəbin təşkilatçılığı ilə “Azərbaycan doğma diyar” mövzusunda tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə 21 saylı tam orta məktəbin müəlliməsi Aynur Mustafayeva açmışdır. O, bildirmişdir ki, may ayı Azərbaycan xalqının XX əsr tarixində ən əlamətdar, ən uğurlu hadisələrlə, gözəl bayramlarla zəngin bir aydır. Bu gözəl may günlərinin biri respublikamızın hər yerində qeyd olunan, öyrənilən, yenidən yaşanan və ölməzlik qazanan 28 May Respublika Günü Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulduğu gündür. Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl həriflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gündür. Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində öz müstəqilliyini elan edən ilk demokratik respublika kimi tarixə düşmüş, xalqımız qısamüddətli də olsa, müstəqillik ideyalarına qovuşmuşdur. Sonra tədbir uşaqların ifasında şeirlər, səhnəciklər və rəqslər ilə davam etdi. Tədbirdə 21 saylı tam orta məktəbin müəllimləri, şagirdləri, folklor evinin işçiləri iştirak etmişlər.