21.05.2025
20-21 may 2025-ci il tarixlərdə Şəki şəhər Heydər Əliyev Mərkəzində 2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummmilli lider Heydər Əliyevin 102 illik yubileyi münasibətilə məktəblilər arasında “İrəliləyiş və Zəfər” adlı intellektual oyun keçirilib.
Tədbir Şəki şəhər Heydər Əliyev Mərkəzinin və Şəki-Zaqatala Regional Təhsil Sektorunun birgə təşkilatçılığı, həmçinin Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsi və ATİAHİ Şəki rayon Komitəsinin dəstəyi ilə təşkil olunub.
Əvvəlcə yarış iştirakçılarına ekskursiya təşkil olunub. Mərkəzin mühazirələr təşkil etdiyi məktəbləri əhatə edən yarışa ümumilikdə 22 məktəb qatılıb. İki mərhələdə keçirilən oyunun ilk günü seçim mərhələsi baş tutub. Final mərhələsində isə 6 məktəbdən olan şagirdlər öz biliklərini sınayıblar.
Oyunun yekun nəticəsinə əsasən, Vərəzət kənd tam orta məktəbi birinci, Qoxmuq kənd tam orta məktəbi ikinci, Aşağı Göynük kənd tam orta məktəbi isə üçüncü yerə layiq görülüb.
Qalib komandalar Fəxri Fərmanlarla təltif olunub, iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.
İntellektual yarışın keçirilməsində məqsəd məktəblilər arasında intellektual bacarıqların inkişafına, komanda ruhunun formalaşmasına və sağlam rəqabət mühitinin yaradılmasına xidmət edir.