10.05.2025
Ulu öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş tədbir Şəki şəhər İcra Hakimiyyəti, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Şəki şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbir başlamadan öncə tədbir iştirakçıları Ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli liderin ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ölkənin tarixinə qızıl hərflərlə yazılıb, respublikada bütün sahələrin hərtərəfli inkişafı, Azərbaycanın davamlı tərəqqisi və yüksəlişi, həmçinin dövlətçilik strategiyasının formalaşması, milli ideyanın güclənməsi və müstəqilliyin möhkəmlənməsi ilə müşayiət olunub.
Ulu öndərin siyasət xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yeni zirvələrə doğru inamla addımladığını və bütün istiqamətlərdə mühüm nailiyyətlərin qazanıldığı vurğulanıb.
Tədbir 3 nömrəli Uşaq Musiqi məktəbinin müəllimlərindən ibarət ansamblın ifasında milli və vətənpərvərlik mövzulu musiqi nümunələrinin səsləndirilməsi ilə davam edib.