06.12.2024
Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunmuş, Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən IV Şəki Beynəlxalq Teatr Festivalı 05.12.2024-cü il tarixdə uğurla başa çatıb.
Beş gün davam edən beynəlxalq festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan və Özbəkistandan gələn tanınmış teatr kollektivləri də iştirak ediblər.
Festivalın sonuncu günü, dekabrın 5-də Gəncə Dövlət Milli Dram Teatrı tamaşaçılara türk dramaturqu Əziz Nesinin “Toros canavarı” sosial komediyası əsasında hazırladığı eyniadlı tamaşanı təqdim edib.
Bağlanış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələnin başladığını qeyd edib.
Mədəniyyət Nazirliyinin nümayəndəsi Böyükxanım Talıbova festivalın yüksək səviyyədə keçirilməsini təmin etdiyinə görə Şəki Şəhər İcra Hakimiyyətinin və Şəki Dövlət Dram Teatrının rəhbərliyinə minnətdarlığını bildirib.
Gəncə Dövlət Milli Dram Teatrının kollektivinə festivalın simvolu və xatirə hədiyyələri təqdim olunub.
Festival çərçivəsində keçirilən tədbirləri operativ işıqlandırdıqlarına görə bir qrup media nümayəndəsi xatirə hədiyyələri ilə mükafatlandırılıb.