Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“100 illik yaddaşımız-Əbədi Cümhuriyyət”

24.05.2018

2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. 

Şəki şəhər Heydər Əliyev Mərkəzində  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş “100 illik yaddaşımız-Əbədi Cümhuriyyət” mövzusunda dəyirmi masa keçirmişdir.

Tədbirdə Şəki Heydər Əliyev Mərkəzinin, MKS-nin V.İbrahim adına 9 saylı kitabxana filialının kollektivi və Şəki 2 №li Peşə məktəbinin müəllim və tələbələri iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyətin büstü qarşısına gül-çiçək dəstələri qoydular. Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Zeynəb Cəfərova açraq bildirdi ki, Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan, müasir dövlətçilik tariximizdə önəmli yerə malik Azərbaycan Xalq Cümhuriyyəti özünün demokratik islahatları ilə müsəlman şərqinin mayakına çevrildi. 1918-ci il mayın 28-də elan edilən Cümhuriyyət cəmi 23 ay ömür sürməsinə baxmayaraq, böyük bir coğrafiyanın siyasi həyatında mühüm dəyişikliklərə təkan verdi. AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli sərəncamını yada salıb, yubileyin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində bütün elm-təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlərin təşkil olunduğunu qeyd edib. O, bildirdi ki, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

Daha sonra Şəki 2 №li Peşə məktəbinin direktoru S.Xəlilov çıxış edərək bir məqamı xüsusi olaraq qeyd etdi ki, Azərbaycan dövlətçiliyini, milli maraqlarımızı hər şeydən üstün tutan, böyük siyasi xadim, xalqımızın Ümummilli lideri Heydər Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin müstəqillik tarixində mühüm yerə malik olduğunu bildirirdi. Azərbaycan Xalq Cümhuriyyətinin 85 illiyi münasibətilə xalqa müraciət edən Ulu Öndər Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi xarakterizə edirdi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Gördüyü bir sıra məqsədyönlü işlər Xalq Cümhuriyyəti Hökumətinin yürütdüyü siyasətin miqyasını, mahiyyət və mənasını əyani şəkildə səciyyələndirdiyini bildirdi.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş video çarx  nümayiş edildi. Sonda tələbələr mərkəzdə foto ekspozisiyalarla tanış oldular.