27.09.2024
27 sentyabr Anım Günü ilə əlaqədar Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanı, daha sonra Şəhid məzarları ziyarət edilib, Şəhid məzarları önünə gül dəsdələri qoyulub.
Müasir tariximizə qızıl hərflərlə yazılan və şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin dördüncü ildönümü tamam oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızın azadlığı üçün haqq mübarizəsinə başlayıb.
Hərbçilərimizin misilsiz fədakarlığı və şücaəti ilə otuz il düşmən işğalında qalan torpaqlarımız cəmi 44 gündə azad edilib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Müharibədə minlərlə igidimiz şəhidlik zirvəsinə ucalıb.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.
Xalqımız hər il Anım Günündə hüzn və qüruru hissi ilə şəhidlərimizin əziz xatirəsini yad edir. İgid oğulların Vətən qarşısında böyük xidmətləri minnətdarlıqla anılır.
Şəhidlərimizi ehtiramla anırıq!