05.09.2023
Sentyabrın 5-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki şəhərindəki “Sənətkarlar evi”ndə görüş təşkil edilib.Yaradıcı və Mədəniyyət Sənaye (YMS) ilə məşğul olan sənətkarların iştirak etdiyi görüşdə onların usta olduqları sənət sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə çıxış edən Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Nargilə Qafarova qeyd edib ki, hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində öz əksini tapır. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları qədim dövrlərdən xəbər verən maddi mədəniyyət nümunələrinə çevrilib. Həmçinin çıxışında sənətkarları YMS-in iqtisadiyyatın inkişafına, eləcə də bu sahədə dünyada tanınmasına töhfə verməyə dəvət edib.
Çıxış edən şəbəkə ustaları Soltan İsmayılovun, Hüseyn Hacımustafazadə, təkəlduz ustası Güləndam Alxasova məşğul olduqları sahələr haqqında danışıb, işin çətinliyi və məsuliyyəti haqqında söz açıblar. Ustalar həmçinin unudulmaqda olan sənətə marağın artırılması ilə bağlı öz təkliflərini dilə gətiriblər.
Qeyd edək ki, qədim və zəngin tarixə, yüksək mədəniyyətə malik olan Şəki şəhəri əsrlər boyu sənətin və sənətkarlığın yüksək səviyyədə inkişaf etdiyi ərazilərdən biri olmuşdur. Şəki sənətkarlarının tarixən əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatmışdır. Onların istehsal etdikləri məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da yol tapmışdır.El sənətkarlarının misilsiz sənət ənənələrini davam etdirən şəkili sənətkarların fədakar əməyi sayəsində bu qədim şəhərdə zəngin tarixi-mədəni irs yaranmışdır. İpəkçilik, papaqçılıq, misgərlik, dəmirçilik, dulusçuluq, tətbiqi sənət, şəbəkə, ağac üzərində oyma və digər istehsal sahələri Şəki sənət məbədinin başlıca sütunlarını təşkil etmişdir.