25.11.2022
Müasir dövrdə gender bərabərliyi məfhumunu tez-tez eşidirik.
Gender bərabərliyi nədir? İnsan hüquqları ilə əlaqəli olan gender bərabərliyi cəmiyyətin bütün sahələrində, eləcə də şəxsi həyatda kişi və qadına bərabər imkanların və iştirak hüququnun verilməsidir. Bu o demək deyil ki, hər iki cins eynidir, bu, daha çox “hər ikisi eyni hüquqa və ləyaqətə malikdir” deməkdir. Bütün insan hüquqları kimi, gender bərabərliyinə görə də mübarizə aparmaq, onu müdafiə etmək və rəğbətləndirmək lazımdır.
Dövrümüzdə cəmiyyətin həyatında kişi və qadınların daha bərabərhüquqlu iştirakını diqqət mərkəzində saxlanmağa çalışılsa da, təəssüflər olsun ki, güclü cinsin yəni kişilərin, zəif cinsə qarşı zorakılıq münasibətlərinə tez-tez rast gəlinməkdədir. Müasir zəmanədə Gender zorakılığı hər bir ölkədə mövcuddur və mədəni, sinfi, təhsil, etnik, yaxud yaranma sərhədi yoxdur. Statistika göstərir ki, Avropada qadın və qızların 12-15%-i məişət zorakılığı ilə qarşılaşırlar. Qadınlara qarşı aqressiya və cinsi zorakılıq təhsil müəssisələri və iş yerləri daxil olmaqla, müxtəlif həyati situasiyalarda baş verir.
Azərbaycan qadını tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, qadınlarımız ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmişdir. Lakin neqativ hallar da mövcuddur. Ölkəmizdə belə hallar ən çox ailə daxili, məişət zorakılığı, ən çox da qohum və yaxın adamlar tərəfindən baş verən zorakılıq hallarıdır. Hətta belə hallar ailə daxilində baş verərkən , kiçik yaşlı uşaqlar da zorakılıqla üz-üzə qalır və münaqişələrin qurbanı olurlar. Ailə daxili məişət zorakılığı zamanı zəif cins qadın və evdəki uşaqlar şiddətə məruz qalır, ancaq bu barədə heç yerdə deməmələri ilə təhdid olunurlar. Bir tərəfdən də adət-ənənə, ev sirrinin çölə çıxarmamalı kimi mentalitet də öz işini görməkdədir. Bəs ölkəmizdə bu sahədə hansı işlər görülür?
Azərbaycan bir sıra beynəlxalq təşkilatlara qoşularaq, konvensiyaları, protokolları qəbul etmiş və milli qanunvericilikdə qadınların hüquqları mövzusunu təkmilləşdirmişdir.Ölkəmiz 1995-ci ildə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Konvensiyasını, həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Analığın mühafizəsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” və “Ərdə olan qadının vətəndaşlığı haqqında” Konvensiyalarını qəbul etmişdir.
1946–1948-ci illərdə hazırlanan və 1948-ci ildə qəbul edilən "Ümumdünya İnsan Hüquqları Bəyənnaməsi" qadın hüquqlarının müdafiəsi tarixində dönüş nöqtələrindən biri hesab edilir. Bəyənnamənin ilk maddəsi belədir: "Bütün insanlar öz ləyaqətləri və hüquqları etibarilə azad və bərabər doğulurlar”.1995-ci ildə keçirilmiş IV Ümumdünya Qadın Konfransında dünyanın 189 ölkəsi kimi Azərbaycan da Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul etmişdir. Platformanın əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasıdır. Pekin Bəyannaməsi və Fəaliyyət Platforması bütün dünya qadınlarının hüquqlarının qorunacağını, sülhə və gender bərabərliyinə nail olmaq üçün inkişaf proseslərində yaxından iştiraklarına mane olan amillərin aradan qaldırılacağını bəyan etmişdir.
2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması,qadın hüquqlarının daha geniş müstəvidə təmin olunması, dövlətin idarə olunmasında qadınların iştirakının artırılması məqsədilə Prezident İlham Əliyevin Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmçinin, hüquqi bazanın təkmilləşdirilməsi və bərabər hüquqların təmin edilməsi üçün "Gender bərabərliyinin təminatları haqqında" (2006-cı il), "Məişət zorakılığının qarşısının alınması haqqında" (2010-cu il) Azərbaycan Respublikası qanunları qəbul olunmuşdur. Respublikada rayon icra hakimiyyəti başçılarının qadın müavinlərinin sayı 78-ə çatıb, qadın hakimlərin sayı isə 65-ə kimi yüksəlib. Diplomat qadınların sayı isə 181 nəfərdir. Dövlət tərəfindən bir çox qanun və layihələr həyata keçirilsə də Qadın zorakılığı prioritet məsələ olaraq qalmaqdadır.
Azərbaycanda müxtəlif dini konvessiyalar fəaliyyət göstərsə də, İslam dini üstün mövqe tutmaqdadır. İslamda isə qadına xüsusi dəyər verilmiş, qadın haqqlarını qorumaq və müdafiə etmək üçün bir neçə surə nazil olmuşdur. Allahın insanlar üçün hidayət rəhbəri olaraq göndərdiyi İslam dini qadına çox dəyər verir. Allah Quranın bir çox ayəsi ilə qadını və qadın haqqlarını qorumuş, cahiliyyə cəmiyyətlərində qadınlara hakim olan səhv münasibəti aradan qaldırmış, qadına cəmiyyətdə hörmətə layiq bir yer qazandırmışdır. Rəbbimiz Quran ayələri ilə insanlara Allahın yanında üstünlük meyarının cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, səmimiyyət və təqva olduğunu bildirmişdir.
Allah qadınların cəmiyyət daxilində qorunub himayə edilmələrini, layiq olduqları hörməti və sevgini görmələri üçün sosial sahədə görülməli olan tədbirləri Quran ayələri ilə bizə bildirmişdir. Görülən bütün bu tədbirlər qadınların lehinədir. Onların ziyana düşmələrinin, əzilib zülmə məruz qalmalarının qarşısını almaq məqsədi güdür. Ölkəmizin bəzi regionlarında İslam qanunlarını əsas tutaraq ( baxmayaraq ki İslamda qadına ən yüksək dəyər verimişdir), qadın və qızlara çəmiyyətdə fəal iştirak etməkdən kənar qoyur, oxuyub təhsil almaq, işləmək və bu kimi digər qadın haqqlarından məhrum etməyə çalışırlar.Ən əsası da oxuyub, təhsil almaq istəyən gənc azyaşlı qızları məcburi nikaha sövq edir, erkən yaşda ana olmağa hazırlaşan azyaşlı qızlar çox vaxt tələf olurlar.Tez-tez üzləşdiyimiz belə hallarla necə mübarizə aparmalı, belə hallarda ictimaiyyətin rolu necədir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hallara qarşı bir çox işlər görür və zorakılığa məruz qalan qadın və uşaqlar üçün sığınacaqlar təşkil etmişdir. Komitə tərəfindən daim Qadın və uşaqlara qarşı zorakılıq halları ilə mübarizə tədbirləri işləyib həyata keçirməkdədir. Lakin bütün bunlar azlıq təşkil edir.
Respublikanın hər yerində olduğu kimi Oğuz rayonunda da “ Məişət zorakılığının qarşısının alınması məqsədi ilə 2021-ci ildə Oğuz rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə aparatda “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq Qrupu” yaradılmışdır. Qrup tərəfindən məişət zorakılığı ilə bağlı müraciətlər və rayonda baş verən zorakılıq halları mütəmadı olaraq araşdırılır, zərər çəkən şəxslərin sosial müdafiəsi, onların hüquqi yardımla təmin edilməsi, məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür və bu sahədə maarifləndirmə işi təşkil edilir. Həmçinin rayonda ailə münaqişələrinin qarşısının alınması məqsədi ilə həssas insanlarla fərdi söhbətlər aparılır, barəsində şikayət olunan məişət zorakılığını törədə biləcək şəxslər dəvət edilir və onlara müvafiq qanunvericiliyin tələbləri və məsuliyyəti izah edilməklə zəruri tövsiyyələr verilir.
Məişət zorakılığının baş verməməsi üçün önləyici tədbirlərin görülməsi də ona qarşı mübarizənin effektli tədbirlərindən biridir.
Sevindirici haldır ki, Oğuz rayonunda azyaşlıların erkən nigahı hallarına, istisna hal olmaqdan başqa, digər hallarda rast gəlinmir. Bu da rayonumuzda yaşayan ailələrin qızların təhsilini davam etdirməsinə, sənət sahibi olmasına xüsusi önəm verilməsindən irəli gəlir.
Qadın və uşaqların zorakılıq hallarının aradan qaldırılması hər bir vicdanlı vətəndaşı düşündürməli, belə halların baş verməməsi üçün gündəlik həyatımızda neqativ halların yaranmasına yol verilməməlidir. Məktəblər, mədəni-maarif müəssisələri tərəfindən daim bu mövzuda söhbətlər keçirmək, təbliğat işini gücləndirmək vacibdir.
Bizim ən üstün cəhətimiz milli dəyərlərimizi və mentalitetimizi qoruyub saxlamaqla yanaşı, müasirliyi əldə edə bilmə bacarığımızdır.
Qadın gözəlliyin harmoniyasıdır. Odur ki, qadınlarımız müasirliklə milli mentaliteti özlərində harmoniya şəklində yaşada bilərlər.Qadın –anadır. Analarımızı isə qorumaq, onlara layiq olduqları dəyəri vermək, hər birimizin müqəddəs borcudur.
Oğuz Rayon MKS-nin İnformasiya resurs şöbəsinin müdiri
Mehparə Bəkirova