Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli-mədəni tariximizin önəmli şəxsiyyəti - Ömər Faiq Nemanzadə.

14.11.2022

Bu ilin dekabr ayında Azərbaycanın ictimai-siyasi, milli-mədəni tarixinin önəmli şəxsiyyətlərindən biri Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ili tamam olur.Ölkə Prezidenti İlham Əliyev böyük tərəqqipərvər publisist, maarifçi və ictimai xadimin yubileyinin qeyd edilməsi ilə bağlı oktyabrın 3-də sərəncam imzalayıb.

Ömər Faiq Nemanzadə 20-ci əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi həyatında yorulmadan fəaliyyət göstərən, keçməkeşli bir tarix dönəmində işıqlı ideyaları ilə öndə gedən maarifpərvər ziyalılardandır.

Ö.F.Nemanzadə 1872-ci ilin 24 dekabrında Axalsıx qəzasının Azğur kəndində anadan olmuşdur.

Ömər ilk təhsilini kəndlərindəki mollaxanada aldıqdan sonra bir müddət rusdilli məktəbdə oxuyub. Məsələ bu idi ki, anası oğlunu molla görmək istəyirdi, ata isə buna razı olmurdu. O dövr barədə Ömər Faiq sonralar xatirələrində belə yazır: “Anam atamdan xəbərsiz məni İstanbula hazırlayırdı. Atam isə əsla razı olmurdu. Ona görə evimizdə uzun-uzadı durğunluq, soyuqluq yaranmışdı, anam atamdan, atam isə hamımızdan küsmüşdü. Axırda anamın bəxti gətirdi. Atam azarlı bacısını görmək üçün Qoki kəndinə getdi. Anam daha fürsəti əldən qaçırmadı. Məni tez hazırlayıb qardaşı Osman əfəndi ilə İstanbula yola saldı”.

1890-1900-cu illərdə müəllimlik etmiş, M.F.Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah "pyesini səhnə üçün hazırlamış,Müsyö Jordan rolunda özü çıxış etmişdir.

Bütün həyatını türkçülük ideologiyası üzərində inkişaf etdirən Ö.F.Nemanzadənin "Dilimiz yazımız", "Dərdimiz və dərmanımız", "Milliləşmək"və bu kimi məqalələri elm, mədəniyyət və əlaqə dili olaraq türk dilinin tarixən müxtəlif xalqlar və millətlər arasında ortaq dil olduğunu sübut edir.

Jurnalistlik fəaliyyətinə "Şərqi-Rus"qəzetində başlamışdır."Qeyrət"mətbəəsinin və"Molla Nəsrəddin"jurnalının yaradıcılarındandır.1906-1910-cu illərdə C.Məmmədquluzdə ilə birlikdə "Molla Nəsrəddin" jurnalını idarə etmişdir. “Qeyrət”də çap olunan ilk kitab Ömər Faiqin “Nəşri-asarə dəvət” (“Əsərlərin nəşrinə dəvət”) kitabı olub. Bu əsər “Qeyrət”də çap olunan ilk əsər olmaqla yanaşı, Azərbaycan mətbəə və mətbuat tarixi haqqında da ilk kitabdır.

1912-ci ildə “İqbal” qəzetində dərc olunan bir məqaləsindən sonra Ömər Faiqin 1915-ci ilədək imzası mətbuatda görünmür. Birinci Dünya müharibəsində rus ordusunun törətdiyi vəhşiliklər, türk ordusunun Sarıqamış faciəsi onu mətbuatda həyəcan təbili çalmağa məcbur edir. Onun təşəbbüsü ilə savaşda zərər çəkənlərə Azqur kəndindən yardım toplanır və yaralıların müalicəsi üçün kiçik bir xəstəxana açılır.

Ömər Faiq Nemanzadə böyük "Mollanəsrəddin"çi kimi tanınır. Dövrünün fəal qələm adamlarından olan Ömər Faiq həmçinin Mirzə Ələkbər Sabirin şeirinin də qəhrəmanı olub. M.Ə.Sabirin həm Çar Rusiyası, həm də Abdulhamit dövrünün Osmanlısı tərəfindən inqilabçı fikirlərinə görə təqib olunan Ömər Faiq Nemanzadəyə yazdığı şeiri:

Soldumu gülzarın, ey Faiq Neman pəsər?

Laləyi-nemanların oldumu xunin cigər?

Sinənə dəsti-qəza çəkdimi sixi-kədər?

Nərkisi-şəhlalərən jaləçəkan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Söyləmədimmi sənə rahət otur heyfsən?

Çəkmə bu millət qəmin, çək özünə keyf sən!

Xana deyildir sənin, getməlisən, zeyfsən!

Eyləmədin etina qissə haman oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Fayidə verməz dedim etdiyin əfqan sənə,

Halına yandıqların eyləməz ehsan sənə,

Məskən olur aqibət, guşəyi-zindan sənə,

Guşəyi-zindan sənə iştə məkan oldumu?

Şimdi sənə mən deyən mətləb əyan oldumu?

Cəsarətli çıxışlarına, prinsipial və barışmaz mövqeyinə görə Ö.F.Nemanzadə həmişə təqiblərə, həbslərə məruz qalmış, amma öz ideyalarından üz döndərməmişdir.Ömər Faiq Nemanzadə 1937-ci ildə Stalin repressiyasının qurbanı olur.

Molla Nəsrəddin jurnalının qurucusu və naşiri (1905-cı ildən 1917-cü ilədək) – Ömər Faiq Nemanzadə (1872-1937) türk xalqlarının milli şəxsiyyət, sosial formalaşma və mədəniyyət prosesləri üçün parlaq və başa düşülən bir katalizator idi. Onun narahatlığı və durğunluğun səbəbləri və sosial həyatın inkişafı hələ də böyük maraq doğurur.

Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni ideyaların möhkəmlənməsində mühüm rol oynamış görkəmli şəxsiyyət Ömər Faiq Nemanzdənin də millətin, xalqın tarix səhnəsində təşəkkül tapmasında və inkişafında böyük rolu olub, onun ideyaları hər zaman yolgöstərənimiz, qoyub getdiyi irs həmişə dəyərli mədəni xəzinəmiz hesab edilib. Tarix durduqca onun da adı hər zaman xatırlanacaq, fəaliyyəti və irsi araşdırılaraq təbliğ ediləcək.