18.05.2018
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə mayın 18-də Qaxda “Kainatın sirrini kitablar açar” adlı Kitab bayramı keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda təşkil edilən kitab sərgiləri ilə tanış oldular. Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin hazırladığı Ulu öndərə, Xalq Cümhuriyyətinə, Azərbaycan tarixi və mədəniyyətinə aid, həmçinin “Yaddan çıxmaz Qarabağ”, “Azərbaycan ordusu-100”, “Vətənpərvər ədəbiyyat”, “Təbiəti qoruyaq” və digər onllarla mövzularda kitab sərgiləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı.
Qax MKS-nin direktoru Güllü Əhmədova çıxış edərək, mədəniyyətimizin hamisi kimi tanınan Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışdı, bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğuladı. O bildirdi ki, Ulu öndər gəncləri hər zaman mütaliəyə səsləyib. Ümummilli lider dönə-dönə xatırladırdı ki, kitab bəşəriyyətin tərəqqisinin ən böyük vasitələrindən biridir. Kitabxanalar xalq, millət, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir.
Güllü xanım diqqətə çatdırdı ki, 33 kitabxana filialını özündə birləşdirən Qax rayon MKS-nin fondlarında hazırda 315 mindən çox kitab var. Fondda olan latın qrafikalı kitabların hamısı elektron kataloqun yaddaşına köçürülüb. Bütün bunlar informasiya texnologiyalarına daha çox üstünlük verən müasir oxucuları kitabxanaya cəlb etməyə xidmət edir.
Tədbir zamanı kitabxananın fəal oxucularına və qabaqcıl kitabxana işçilərinə fəxri fərmanlar təqdim olundu.
Bayram tədbirində geniş konsert proqramı hazırlanmışdı. Məktəblilərin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər ifa edildi. Günərzi Qayğı Mərkəzinin, incəsənət məktəbinin, uşaq bağçalarının kollektivləri hazırladıqları ədəbi-bədii kompozisiyalar hamının xoşuna gəldi. İncəsənət məktəbinin rəqs qrupu ilə hamıya xoş ovqat bəxş ediblər.
Mütaliəyə diqqətin artırılması, yeniyetmə və gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədi daşıyan Kitab bayramı kitaba, ədəbiyyata marağı olan hər bir kəs üçün nəzərdə tutulmuşdur. Bilik mənbəyi olan kitab xalqın milli sərvətidir. Bu sərvətin saxlanmasında, nəsildən-nəslə çatdırılmasında, cəmiyyətin intellektual və mənəvi potensialının artırılmasında kitabxanalar əvəzsiz rol oynayır.
18 may 2018-ci il tarixində Qax rayonunda keçirilən Kitab bayramında tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirildi. Yazıçının görüşünə rayonun kiçik yaşlı məktəbliləri dəvət olunmuşdular. Onlar Gülzar nənəni çox gözəl tanıyırdılar. Elə ilk təəssüratdan hər şey aydın oldu. Uşaqlar Gülzar nənənin yaradıcılığından şeirlər, nağılar, tapmacalar söylədilər. Yazıçı xanım bütün bunlardan çox məmnun qaldı. Gülzar xanım tədbir iştirakçılarına öz yaradıcılıq planlarından danışdı. Uşaqların ən çox sevdiyi sahə olan nağıllar aləmindən, “Sehirli dünya” uşaq jurnalından məlumat verdi. Auditoriyadan razı qaldığını, görüşü təşkil edən Qax rayon Mərkəzi Kitabxananın direktoru Güllü Əhmədovaya minnətdarlığını bildirdi.
Tədbirin qonaqları ŞRMİ_nin Qax rayon üzrə məsləhətçisi D.Əzizova, Qax rayon İcra başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova öz ürək sözlərini bildirdilər. Tədbirdə məktəblilərin təşkil etdikləri “Kitablar” bağça uşaqlarının təqdim etdikləri “nağıllar aləmi” kompozisiyaları, musiqi və rəqs hər kəsdə xoş ovqat yaratdı.