Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

18 sentyabr -Milli Musiqi günüdür

18.09.2022

Milli musiqimiz öz inkişaf zirvəsinə görə Üzeyir Hacıbəyova borcludur.1995-ci ildən bəri onun doğum günü respublikamızda Milli Musiqi günü kimi qeyd edilir.

Ü.Hacıbəyov dünya opera sənətində silinməz iz qoymuşdur. «Koroğlu»dan başqa bütün opera və operettaların mətnini özü yazan Üzeyir bəyin librettoları mənasına və bədii keyfiyyətinə görə sərbəst dram əsərləri kimi yaşayır. «Ər və arvad», «O olmasın, bu olsun», «Arşın mal alan», «Əsli və Kərəm» insan duyğularını ifadə edən gözəl səhnə əsərləridir.

Böyük axtarışlardan-milli musiqimizi, rus, Avropa və başqa xalqların musiqisini dərindən öyrəndikdən sonra Üzeyir Hacıbəyov öz şah əsərini-«Koroğlu»nu tamamladı. «Koroğlu»nun ilk tamaşası Azərbaycan mədəniyyətində, incəsənətində ən böyük bayrama çevrildi.

Ü.Hacıbəyovun opera sənəti, opera dramaturgiyası sənət tariximizdə tamamilə yenilik idi və bu sənət faktı Yaxın Şərqdə ilk dəfə olaraq Azərbaycanda yarandı. Ü.Hacıbəyov həm də kamil bir yazıçı və publisist idi. Onun gözəl felyetonları, ədəbi səhnəcikləri, satirik, publisistik yazıları ədəbiyyatımızda özünəməxsus yer tutur. Ü.Hacıbəyov Cəlil Məmmədquluzadənin yaratdığı «Mola Nəsrəddin» məktəbinin qüdrətli nümayəndələrindən biridir. Respublika Elmlər Akademiyası tərəfindən toplanıb çap olunmuş əsərləri meydana çıxandan sonra müasir oxucu Ü.Hacıbəyovun ədəbi fəaliyyəti barədə geniş təsəvvürlər ala bilmişdir.
Ü.Hacıbəyovun əsərləri həm də xalqın azadlıq mübarizəsinə xidmət etmiş ictimai məzmunlu, mili koloritli, tərbiyəvi əsərlərdir.