11.08.2022
Avqustun 10-da dahi mütəfəkkir M.F.Axundzadənin adını daşıyan Şəki şəhər Mədəniyyət Mərkəzində dramaturqun 210 illiyinə həsr olunmuş “Axundovun Azərbaycan teatrının inkişafında rolu” mövzusunda ədəbi-bədii kompozisiya keçirilmişdir.
Tədbirin əvvəlində MİHİ-nin Şəki rayon Komitəsinin sədri Rəhman Məmmədov yeni rəis Azər Yusubovu tamaşaçılara təqdim edərək gələcək fəaliyyətində uğurlar arzulamışdır.
Tədbirdə M.F.Axundovun həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olunmuşdur. Mərkəzin bədii rəhbəri Rəşad Rüstəmov Fətəli obrazında səhnəyə daxil olmuş və dramaturqun obrazını canlandırmışdır.
M.F.Axundzadə haqqında çəkilmiş “Sübhün səfiri” filmindən fraqmentlər nümayiş olunmuşdur.
Mədəniyyət Mərkəzinin əməkdaşı Jalə Abdullayevanın aparıcılığı ilə davam edən kompozisiyada xalq teatrının üzvlərinin iştirakı ilə göstərilən Axundovun “Hekayəti-Xırs quldurbasan”, “Lənkəran xanın vəziri”, “Hacı Qara” və “Mürafiə vəkillərinin hekayəti” əsərlərindən ibarət səhnələr tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Rüstəm Xəlilməmmədovun rəhbərliyi ilə Mədəniyyət Mərkəzinin “Səbuhi” instrumental ansamblının müşaiyəti ilə musiqi nömrələri ifa edilmişdir.
Tədbirin sonunda Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Azər Yusubov tədbiri yüksək qiymətləndirmiş və M.F.Axundzadənin yaradıcılığı ilə bağlı görülən işləri diqqətə çatdırmışdır.
Daha sonra idarənin məsləhətçisi Elvin Qarayev, MİHİ-nin Şəki rayon komitəsinin təlimatçısı Nəzakət Əliyeva və Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilovun əziyyəti çəkən əməkdaşlara və dəvəti qəbul edib gələn tamaşaçılara minnətdarlıq çıxışları ilə başa çatmışdır.