17.05.2018
2018-ci il may ayının 28-də müsəlman Şərqində ilk parlamentli Respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi tamam olur. Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətini elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.
Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Belə tədbirlərdən biri də may ayının 17-də, Mədəniyyət mərkəzində Oğuz rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinin və H.Babayev adına şəhər 1 saylı məktəbin birlikdə hazırladığı “Azərbaycan Şərqdə doğan sönməyən Günəş” başlıqlı ədəbi–bədii kompozisiya keçirildi. Tədbiri giriş sözü ilə mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri K.Cəfərova açaraq, Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması Azərbaycan tarixinin ən şərəfli bir dövrünü təşkil etməsindən danışaraq “Şərqdə ilk Demokratik Pespublika” başlıqlı məruzə etdi. Sonra H.Babayev adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri hazırladıqları kompozisiyanı təqdim etdilər. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Azərbaycanın Azadlıq mücahidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edildi. Məktəblilər Azərbaycanın Xalq Cümhuriyyətinin tarixini əks etdirən səhnəcikləri iştirakçılara təqdim etdilər. Sonra şagirdlər Əhməd Cavadın şeirlərini söylədilər. Şagirdlərin ifa etdikləri mahnılar, rəqslər də iştirakçılar tərəfindən maraqla qarşılandı. Sonra Oğuz rayonunun tədqiqatçı-şairi Yusif Rzayev “Şərqdə ilk demokratik dövlət olan Azərbaycanın tarixi inkişaf yolu” haqqında danışdı. Tədbirin sonunda Şəki Regional Mədəniyyət İdarəsinin Oğuz rayon üzrə baş məsləhətçisi Ulduz Baxışova bu möhtəşəm bayram münasibəti ilə təbriklərini söyləyib, tədbirin təşkilatçılarına, Mərkəzi kitabxananın Uşaq şöbəsinin müdiri K.Cəfərovaya, şəhər 1 saylı məktəbin tarix müəllimi H.Rəsulovaya və şagirdlərinə öz təşəkkürünü bildirdi.