Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhərində “Ana dilim şirindir” adlı elmi-publisistik gecə keçirilmişdir

01.08.2022

  Avqustun 1-də Şəki Heydər Əliyev Mərkəzində mərkəzin və Şəki MKS- nin 9 nömrəli kitabxana filialının birgə təşkilatçılığı ilə “Ana dilim şirindir” adlı elmi-publisistik gecə keçirilmişdir. Tədbirdə Mədəniyyət və İncəsənət işçiləri, gənc şair və yazarlar iştirak etmişdir. Tədbir iştirakçıları ilk öncə 44 günlük vətən müharibəsində öz canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

   Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Rəşadət Sadıqov tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyəti haqqında məlumat verdi. Sonra Ulu öndər Heydər Əliyev və Azərbaycan dili mövzusunda hazırlanmış videoçarx nümayiş olundu. Daha sonra tanınmış şair, nasir, publisist, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin sədri Vaqif Aslan çıxış edərək bildirdi ki, dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir.

   Tədbir Şəki Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Elvin Qarayev, Bəxtiyar Vahabzadənin ev muzeyinin müdiri Elşən Zəkəriyyəbəyli, gənc yazar Elvin Nuri və MKS-nin 9 nömrəli kitabxana filialının müdiri Rüfanə Həsənovanın çıxışları ilə davam etdirildi. Onlar öz çıxışlarında qeyd etdilər ki, dil fərdə, cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və inkişafa təsir gücünə görə bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dəyərlərdəndir. Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzalamış və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilmişdir.

  Tədbir Ana dili mövzusu ətrafında verilən maraqlı  sual və cavablar  əsasında davam etdi.

   Sonda MKS-nin əməkdaşı Dilbər Yaqubova  ana dilinə həsr olunmuş bədii kompozisiya səsləndirdi.