25.07.2022
Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən icra olunan "Düşüncələrini bizimlə bölüş" layihəsinin növbəti yazısı
Oğuz Rayon Mərkəzi kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri Mehparə Bəkirova
“Şuşa hər bir azərbaycanlı üçün əzizdir...Şuşa bizim milli rəmzimizdir” məqaləsi
Tariximizin incisi, mədəniyyətimizin beşiyi,saz-söz ocağı Şuşa.Əsrarəngiz təbiəti, saf, təmiz havası, uca dağları, əzəmətli, tarixi qədim şəhərimiz. Azərbaycanın, Qarabağın mənəvi, mədəni paytaxtı olan inci şəhər. Hər bir azərbaycanlı üçün doğma, əziz şəhər. Gözəlliyi, maddi, mənəvi zənginliyi, strateji mövqeyi ilə daim diqqət mərkəzində olub, yadelliləri cəlb etmişdir. Qədim xalq mahnısının sözlərində deyildiyi kimi:
Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanlı...
Gözəl Şuşamızın başı həmişə bəlalı olub, başından bəla, duman, çən əksik olmayıb. Dəfələrlə talanlara, yanğınlara məruz qalıb. Qəhrəman övladları düşmənə göz dağı verib, hər zaman Şuşanı mərdliklə qorumağa nail olublar.
Azərbaycan xalqının yaradıcılıq dühasının möcüzəsi olan Şuşa şəhəri zəngin və tarixi keçmişə malikdir. Mənsub olduğu xalqın tarixi ənənələrinin simvolu olan Şuşa qədim Xocalı-Gədəbəy mədəniyyətinin əhatə dairəsinə daxil olan ən qədim yaşayış yerlərindən birində yaranıb və daimi insan məskəninə çevrilib.Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisindən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.Şuşa Azərbaycan xalqı üçün son dərəcə müqəddəs, ziyarətgah qədər əziz olan yurd yeridir.Çünki dünyanın bu füsunkar guşəsi bütün tarixi dövrlərdə Azərbaycanın cənnəti olan aranlı-yaylaqlı bütün Qarabağın mərkəzi olmuşdur.
Düzənli-dağlı Qarabağ üçün, bütün Azərbaycan ellərindən ötrü uzun tarixi dövr ərzində uca, şiş dağlar başında səfalı bir yaylaq yeri olan Şuşa el arasında, xalqın təfəkküründə və ədəbiyyatında Şişə kimi də məşhur olmuşdur.xvııı əsrin ortalarına yaxın Azərbaycan ərazisində müstəqil xanlıqlar dövrü başlandıqda qədim yurd yeri olan Şuşa yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin dövrdə Qarabağ xanı olan Pənahəli xan təhlükəsizlik məqsədi ilə əvvəlcə Bayat və Şahbulaq qalalarını tikdirsə də aramsız hücumlara qarşı bu qalaların müdafiə qabiliyyəti güclü olmur.Lakin dəniz səviyyəsindən 1300- 1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə edilmiş dağ yaylası bu tələblərə tam cavab verdiyindən Pənahəli xan şəhəri elə burda saldırır.İlk vaxtlar Şuşa adı ilə yanaşı şəhər, eləcə də qala, xanın adı ilə Pənahabad da adlandırılırdı.Xalq əfsanəsinə görə bu yerlərin havası büllur kimi saf və təmiz olduğu üçün onu Şuşa(şüşə) adlandırmışdılar. Şuşa şəhəri saysız tarixi hadisələrə şahidlik etmişdir. Müxtəlif qonşu dövlətlərin əksəriyyətinin maraq dairəsində olan Qarabağ əsrlərcə savaş,mübarizə meydanı olmuşdur.Pənahəli xanın oğlu İbrahim xanın dövründə xanlıq daha da inkişaf etmiş, mühüm işlər görülmüşdür.Qacarlarla müharibə zamanı da şuşalılar əzmlə müharibə aparırlar. İbrahim xanın dövründə Şuşada aparılan tikinti, memarlıq işləri geniş vüsət alır, möhtəşəm abidələr meydana gəlir.19- cu əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmişdir.1843-cü ildə Şuşa şəhərinin gerbi təsdiq edilmişdir.19-cu əsrin başlanğıcı həm də Qarabağda vəziyyətin dəyişməsi ermənilərin ərazi iddialarına başlaması və bunun üçün fəal addım atması ilə əlaqədardır.1905-1906-ci illərdə ermənilərin Azərbaycan əhalisinə qarşı qətliamları Bakı, Tiflis şəhərlərindən sonra Şuşada baş vermişdir.Lakin Şuşalıların əzmi nəticəsində onlar istəklərinə çata bilmirlər.1918-1920-ci illərdə də Ermənilər öz fitnəkarlıqlarından qalmayaraq, dəfələrlə Şuşaya hücum etsələr də şəhər qəhrəmancasına müdafiə olunub.Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati quruluşu bir neçə dəfə dəyişikliyə uğrayıb.Şuşaya ən böyük zərbələrdən biri isə onun rayon statusundan məhrum edilməsi idi.Belə ki, 1956-cı ildə Şuşa rayonu ləğv edilərək, Xankəndinin tərkibinə qatılmışdır.Bu vəziyyət 1963-cü ilə qədər davam etmişdir. Azərbaycan hökumətinin tədbirləri və qərarları ilə əlaqədar olaraq, Şuşa 1977 –ci ildə tarixi-memarlıq qoruğuna çevrilir.
Şuşa özünəməxsus təbiətə sahib olan bölgəmizdir. Ərazisi dağlıqdır ən böyük zirvəsi böyük Kirs dağıdır.Ərazısi mineral bulaqlar müxtəlif tikinti materialları ilə, yeraltı faydalı qazıntılarla zəngindir.Şəhərin kənarında qədim Daşaltı dərəsini yaxınlığında yerləşən Cıdır düzü xüsusilə məşhurdur.Cıdır düzündən bir qədər aşağıda qırx pilləkən deyilən dik pilləli yol Daşaltı çayına aparır.
Şəhərdə Şuşa vələsi, Qafqaz dağ səhləbi və Şuşanın incilərindən olan Xarıbülbülə rast gəlmək olur. “ Xarıbülbül” gülü haqqında xalqımız arasında bir sıra rəvayətlər, əfsanələr vardır.Onlardan biri də Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağbəyim ağa ilə bağlıdır. Formasına görə təbiətin möcüzəsi olan Xarıbülbül çiçəyi dillərdə dastana çevrilib.İlk dəfə məşhur xanəndə Seyid Şuşinskinin 130 illik yubileyi ilə əlaqədar Şuşada keçirilmiş “ Xarıbülbül” beynəlxalq festivalı bu çiçəyə daha bir rəmzi məna verdi. Vətən müharibəsi zamanı şəhidlik məqamına ucalan qəhrəmanlarımızın əziz xatirəsi üçün isə ehtiram çiçəyi oldu, Xarıbülbül.
Şuşanın əsrarəngiz gözəllikləri, saf sulu bulaqları burda yaşayan insanlara da qeyri-adi istedad bəxş etmiş, Şuşa əsil sənət məbədinə çevrilmişdir. Şuşada yüzlərlə şair, memar, rəqqas və digər sənət nümayəndələri vardı. Azərbaycan ədəbiyyatının dünənini və bu gününü öz əsərlərində səciyyələndirən, həmin abı havada pərvəriş tapan Qasımbəy Zakir, Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev,Yusif Vəzir Çəmənzəminli kimi yazıçıları yetişdirmişdir.
19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdir.Şuşanı kiçik Paris, “Qafqazın sənət məbədi”, Azərbaycan musiqisinin beşiyi, Zaqafqaziyanın konservatoriyası adlandırırdılar. Böyük Rus şairi Serğey Yesenin deyirdi:” Əgər oxumursansa demək, Şuşalı deyilsən”
Xanəndələrdən qeyri adi səs tembrinə malik Cabbar Qaryağdıoğlu,segah İslam adı ilə tanınan İslam Abdullayev,Seyid Şuşinski, Keçəçioğlu Məhəmməd, Xan Şuşinski və ifaçılardan Sadıqcan, Qurban Pirimov,Fərhad Bədəlbəyli, müğənnilərdən Bülbül, Rəşid Behbudov,Polad Bülbüloğlu, musiqişünas Firudin Şuşinski də bu şəhərdən pərvəriş tapan insanlardandı. Şuşanın və Ümumən Qarabağın bəstəkarlıq məktəbi,dünya mədəniyyət tarixində nadir bir hadisə idi. Üzeyir bəy Hacıbəyli, Zülfüqar və Soltan Hacıbəylilər,Niyazı, Fikrət Əmirov,Əfrasiyab Bədəlbəyli,Süleyman Ələsgərov, Vasıf Adıgözəlov kimi sənətkarlar yetişdirən gözəl yurd yeri. Lakin bu sənət məbədimiz uzun illər yağı düşmənin əlində əsir qalmalı olur. 1905, 1920, 1992-ci illərdə Şuşa üç dəfə tamamilə yandırılmağa məruz qalmışdır. 20-ci əsrin sonlarından başlayan Qarabağ müharibəsi Şuşadan da yan ötməyib.Paytaxtımızdan 373 kilometr aralıda yerləşən Şuşa şəhəri 1992-ci ilin may ayının 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilir. Gözəl Qarabağımız uzun illər işğal altında, bizsiz qalır.
Lakin hamı bilirdi və inanırdı ki, elə bir gün gələcək haqq ədalət yerini tapacaq, torpaqlarımız işğaldan azad olacaq.Qarabağ öz övladlarını qarşılayıb, yenidən bağrına basacaq. O gün düz 28 ildən sonra gəldi. Qəlbimizdə Qarabağa olan ümid cığırını ordumuz Zəfər yoluna çevirdi. Müzəffər Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq uğurlu hərbi əməliyyata başlayaraq işğal altında olan şəhərlərimizi, kəndlərimizi yağı düşmən tapdağından azad etdi, və azad etməyə davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi:” Yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Qədim mədəniyyət ocağıdır.Şuşa Azərbaycan xalqına bir çox isdedadlı, dahi şəxslər bəxş edib.Əlbəttə ki,Şuşasız bizim işimiz yarımçıq olar”. Şuşanın azad olunması da özü kimi dillərə dastan oldu.Şuşanı azad etmək üçün Azərbaycan əsgərləri beş gün gecə-gündüz demədən Şuşa istiqamətində yarğanları, meşələri, dağları keçərək yol qət edirlər.Dəniz səviyyəsindən 1300-1400 metr yüksəklikdə yerləşən qala şəhəri düşməndən azad etmək üçün Azərbaycan ordusu taktiki gedişlər etdi.Azərbaycan hərbçiləri Şuşaya girmək üçün çətin də olsa , qarşı tərəfin ağlına gəlməyən sıldırım qayaların olduğu istiqaməti seçir, onlar şəhərə qayalıqlarla dırmaşaraq qalxırlar.Erməni ordusu isə bütün gücünü şəhər istiqamətindəki əsas yollara cəmləmişdi. Lakin Azərbaycan xüsusi təyinatlıları atəş dəstəyi olmadan sıldırım qayalıqlardan qalxdılar və yarğanlardan keçdilər.Dünya hərb tarixinə misli görünməmiş rəşadət, qəhrəmanlıqlar göstərərək alınmaz qala kimi qorunan bir şəhəri yüngül silahlarla düşməndən tamamilə təmizləməyə müvəffəq olur. Noyabrın 8- i Şuşa şəhəri işğaldan azad edildi.Azərbaycan əsgəri şanlı bayrağımızı ana yurdumuz, göz bəbəyimiz Şuşaya sancdı. O zaman Rusiya mediyası yazırdı: “Belə döyüş,dövlət,vətən sevgisi görən olubmu, demək çətindir?! “.
Şuşa döyüşlərində yaralanan bir qazi ilə söhbətimiz zamanı o bildirdi ki, müharibənin getdiyi bütün müddət ərzində məni və döyüş yoldaşlarımı ancaq bir şey maraqlandırırdı.Şuşanı azad etmək! Bu həsrət ürəyimizi o qədər yandırıb yaxırdı ki, Şuşaya çatmaq, oranı düşməndən təmizləmək hər birimizin ən ümdə arzusu idi. Şükürlər olsun ki, bu çətin missiyanı layiqincə yerinə yetirdik. Bu alınmaz qala uğrunda çox yoldaşlar, dostlar itirdik.Bu alınmaz qalanın adının qırmızı yazılması sıradan bir rəng deyil,məhz həmin yoldaşların, dostların, vətən oğullarının tökdükləri qandır. Onların qanı yerdə qalmadı, son damlaya qədər qisasları alındı.
Bəli , düşünürəm. Şuşa bizim üçün nə deməkdir? Bakı Azərbaycan üçün, dövlətimiz üçün, varlığımız üçün hansı önəmi kəsb edirsə, Şuşa da ruhumuz üçün odur!
Şuşa- bütövlükdə Qarabağdır! Şuşa Azərbaycanın yaralı qəlbinə məlhəmdir, onun bütövləşməsidir.Şuşa canımızdır, Şuşa qanımızdır! Şuşa həm də hər bir azərbaycanlının qürurunun ünvanıdır!
Vətənimiz sevinir,xalqımızın üzü gülür,bundan sonra çiçəklənən yurdumuzda birlikdə çalışmalı, mübarizə aparmalıyıq.Ədalət üçün , sülh üçün, gələcək nəsillərin firavan yaşaması üçün.Bütün bacarıqlarımızı Vətənimizin çiçəklənməsi və inkişafı üçün sərf etməli, bu yurdu sənət, elm , ədəbiyyat məbədinə çevirməliyik.
Möhtəşəm qələbədən sonra Qarabağı, Şuşanı dirçəltmək, əvvəlki görkəminə,ondan da daha yaxşı bir vəziyyətə gətirmək üçün quruculuq işləri tam sürətlə davam edir.Ölkə başçısı 2022- ci ili Şuşa ili elan etməklə bütün dünyaya Qarabağın ,Şuşanın əsil sahiblərinin gəldiyini, orada yaşamağa hazır olduğunu bəyan etdi.Şuşada mədəni ənənələr davam etdirilir.Artıq ötən il Şuşada” Xarıbülbül” Musiqi festivalı, “ Vaqif poeziya Günləri” keçirilib. Cənab Prezident İlham Əliyev Şuşada Vaqif Poeziya günlərinin rəsmi açılışındakı çıxışında bəyan etdiyi kimi, “Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq. Bu gün biz artıq azad Şuşada həyatı dirçəldirik”. Bu günlərdə isə Şuşa daha bir tədbirə evsahibliyi etdi.Dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirildi.Bu tədbirin burada keçirilməsinin böyük rəmzi mənası var. Artıq sürətlə quruculuq və abadlıq işlərinin aparıldığı Şuşada həyat dirçəlir.Eyni zamanda festivallar,poeziya günləri,mədəni tədbirlər və bir çox başqa tədbirlər keçirilir.Heç şübhəsiz bu tədbirlər davamlı olacaq.Cənab prezidentin dediyi kimi, “biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacayıq”.
Vətən müharibəsi milli həmrəyliyimizin təntənəsi oldu. Artıq Şuşa öz şöhrətini bərpa edir.Qarabağın mirvarisi mədəniyyətimizin beşiyi olmaqla yanaşı, Şuşa hər bir azərbaycanlının qürurla üz tutduğu doğma diyar , qədim yurd yeridir.
Sonda sözümü Ümumilli Lider Heydər Əliyevin Şuşa haqqında dediyi bir fikir ilə bitirmək istəyirəm.”Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir,əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.
Vətən üçün xidmət etmək, onun firavanlığı, inkişafı üçün çalışmaq da onun üçün ölmək qədər şərəflidir. Yaşa, Azərbaycan!