14.07.2022
İyulun 14-də Balakən rayon Heydər Əliyev Mərkəzi, Balakən rayon İcra Hakimiyyəti və YAP Balakən rayon təşkilatının birgə təşkilatçılığı ilə 14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın l katibi təyin olunması günü ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbirdə Balakən rayon Heydər Əliyev Mərkəzi, Balakən rayon İcra Hakimiyyəti, YAP Balakən rayon təşkilatı, Balakən rayon Gənclər evi, Balakən rayon Təhsil Şöbəsi və şəhid ailələri iştirak etmişdir.
İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən YAP Balakən rayon təşkilatının sədri Azad Balayev, Balakən rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova və həmin şöbənin müdir müavini Fariz Nəcəfov, Balakən Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva, Rayon Ağsaqqalar Şurasının sədri Xəlifə Mirəliyev, I Qarabağ müharibəsi veteranı Aydın Abdullayev bildirmişdilər ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna yeri var. Həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib və Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da yüksək zirvələr fəth edir.