Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəkidə “Şəhər günü” bayram tədbirinin rəngarəng açılışı keçirilib (FOTOLAR)

08.07.2022

  İyulun 7-də  ölkənin qədim sənət və mədəniyyət mərkəzlərindən  olan Şəkidə  “Şəhər günü” möhtəşəm bayram şənlikləri ilə başlamışdır.Bayram tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Dövlət Turizm Agentliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə həyata keçirilib.
  Şəhər günü  əvvəlcə səhər saatlarında Şəki şəhərindəki Bəxtiyar Vahabzadə adına parkın qarşısında açılışı olmuşdur.

 Bayram tədbirinin aparıcısı Pərviz Zeynalov ilk öncə qeyd edərək bildirmişdir ki, İkinci Vətən müharibəsində əldə olunan şanlı Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsində və ərazi bütövlüyümüzün təmin olunmasında  Şəkidən olan şəhidlərimiz və qazilərimizin əzmkarlığı danılmazdır. 
 Açılışda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, şəhər sakinlərini əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, zəngin tarixə, qədim mədəniyyətə malik olan Şəkidə “Şəhər günü” bayramı ikiqat sevinc hissi ilə qeyd olunur.Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdə gördüyü işlərin əhəmiyyətini xüsusi vurğulayıb.

   Digər natiqlərin  çıxışlarında qeyd edilib ki, bütün dövrlərdə Şəki Azərbaycan tarixində mühüm yerə malik olub. Ona görə də şəhər sakinlərinin bu günü bayram etməyə daha çox haqqı var. Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir yerdir.                                   

  Sonra bayram tədbiri “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, qədim “Qala divarları”nın daxilində davam etdirilib.Burada yerli sahibkarların hazırladığı məhsulların sərgi-satış yarmarkası keçirilib,şəhərin tarixi mərkəzində milli tamaşalardan səhnəciklər təqdim olunub, konsert proqramları təşkil edilib, yerli sənətkarların, rəssamların əl işləri nümayiş etdirilib.Pəhləvanlar öz məharətlərini göstəriblər.

  “Şəhər günü”nə həsr olunan silsilə tədbirlər çərçivəsində günorta saatlarında “Marxal” kompleksində Qida Festivalı keçirilib. Festival Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən icra olunan layihə çərçivəsində təşkil olunub.
  “Şəkidə “Şəhər günü” münasibətilə silsilə bayram tədbirləri davam edir. Tədbir iştirakçıları axşam saatlarında “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində “Dərviş” ansamblının çıxışını tamaşaçılar izləyiblər.

  Qeyd edək ki, 2019-cu il iyulun 7-də Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi  mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2021-ci il iyulun 7-də Şəkidə keçirilən təntənəli mərasimdə “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı təşkilatın baş direktoru tərəfindən imzalanan sertifikat şəhər rəhbərliyinə təqdim olunub. Həmin tədbirdə hər il iyulun 7-nin Şəkidə “Şəhər Günü” kimi qeyd olunması qərara alınıb.