Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbinin şagirdi ”Şuşa İli”nə həsr olunan muğam festivalının mükafatına layiq görülüb

30.06.2022

Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə keçirilən muğam festivalına yekun vuruldu. May-iyun aylarında gerçəkləşən festival “Şuşa İli”nə həsr olunmuşdu.

İyunun 29-da Beynəlxalq Muğam Mərkəzində festivalın yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirildi.

Muğam festivalı haqqında məlumat verən nazir müavini qeyd etdi ki, 2 yaş qrupu (9-12 və 13-17 yaş) üzrə respublikanın şəhər və rayonlarından istedadlı şagirdlərin qatıldığı festivalın I mərhələsi regionlar üzrə keçirilib. Bu mərhələdə 1-ci yerlərin qalibləri Bakı şəhərində keçirilən final mərhələsində iştirak etmək hüququ qazanıblar. Festivalın final mərhələsində Xalq artisti Teyyub Aslanovun sədrliyi ilə Xalq artisti Gülyaz Məmmədova və Əməkdar artist Zakir Əliyevdən ibarət münsiflər heyəti tərəfindən iştirakçıların çıxışları qiymətləndirilib.

Sevda Məmmədəliyeva çıxışının sonunda bütün festival iştirakçılarını, qalibləri, onların müəllimlərini, valideynlərini, məktəblərin kollektivini təbrik edərək uğurlar arzuladı.

Münsiflər heyətinin sədri Teyyub Aslanov festivalın təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirdi. Dedi ki, muğam sənətimizin inkişafı və təbliği məqsədilə təşkil edilən layihə səhnəmizə neçə-neçə yeni adlar bəxş etmiş oldu.

Sonra qaliblər elan olundu. Festivalın qalibləri içərisində Şəki şəhər 4 nömrəli Uşaq Musiqi məktəbinin şagirdi Fatimə Hümmətova III dərəcəli mükafata layiq görüldü.

Qaliblərə diplom və fəxri fərmanlar təqdim edildi. Şagirdləri festivala hazırlayan müəllimlərin və konsertmeysterlərə isə fəxri fərmanlar verildi.

Sonda festivalın qalibləri Beynəlxalq Muğam Mərkəzinin səhnəsində bir daha məharətlərini göstərdilər. İfaçıları Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının ansamblı (bədii rəhbər – Mirxalid Salayev) müşayiət edirdi. Konsert alqışlarla qarşılandı.