13.06.2022
Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu situasiyada Azərbaycan dövlətçiliyini xilas etməsi Ulu öndər Heydər Əliyevin xalqı və tarix qarşısında ən böyük xidmətlərindən biri idi. Böyük öndər Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətin qorunması isə azadlıq, müstəqillik deməkdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin azadlıq qarantı oldu. Azərbaycan dövlətçiliyi Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bütün imtahanlardan üzüağ çıxdı. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi verdi və millətin özünəinam hissini qaytardı. Heydər Əliyev gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.