Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Prezident kuboku uğrunda çövkən oyunu üzrə yarışlarda 12 komanda mübarizəyə qoşulur

17.12.2017

Bu gün Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda növbəti çövkən milli oyunu üzrə yarışlar başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç gün davam edəcək oyunlarda Şəki, Ağcabədi, Ağdaş, Ağstafa, Bərdə, İsmayıllı, Gəncə və Şəmkir mədəniyyət və turizm idarələrinin təmsilçilərinin, həmçinin Bakı şəhərinin “Elit”, “Köhlən”, “Polad” və “Sərhədçi” komandalarının iştirakı nəzərdə tutulub.

Proqrama uyğun olaraq, oyunların ilk günündə təşkilati məsələlər həll ediləcək, axşam saatlarında isə püşkatma olacaq.

Dekabrın 18-də Prezident kuboku uğrunda çövkən oyunu üzrə yarışların rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, nazirliyin regional idarələrinin nümayəndələri və digər qonaqlar iştirak edəcəklər.

Açılış mərasimindən sonra çövkən oyunu üzrə səkkizdəbir final mərhələsinin qarşılaşmalarına start veriləcək.

Yarışların Şəki mərhələsi dekabrın 20-dək davam edəcək. Oyunların final qarşılaşması isə Bakıda keçiriləcək.

Xatırladaq ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2013-cü ilin dekabrında Bakıda keçirilən 8-ci sessiyasında Azərbaycanın çövkən oyunu UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb.  (mənbə: AZƏRTAC)