09.05.2018
9 may 2018-ci il tarixində Zaqatala rayonunda faşizm üzərində Qələbənin 73-cü ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə iştirak edən rayon rəhbərliyi, İkinci Dünya müharibəsi veteranı Vanuş Məmmədov və ictimaiyyətin nümayəndələri əvvəlcə 1941-1945-ci illərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış “Xilaskar əsgər” abidəsinin önünə gül-çiçək düzüb, igid həmvətənlərin xatirəsini ehtiramla yad ediblər. Abidə ziyarət olunduqdan sonra bayram tədbiri Heydər Əliyev Mərkəzində keçirilib. Tədbirə keçid almazdan öncə rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Mərkəzin həyətində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Veteranlar Şurasının sədri Ənvər Kərimov və başqaları çıxış edərək, müharibə illərində xalqımızın igid oğul və qızlarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Vurğulanıb ki, hər yerdə olduğu kimi, Zaqatala rayonunda da müharibə veteranları yüksək diqqət və qayğı ilə əhatə olunublar. İllər keçdikcə onların sıraları azalır. Hazırda Zaqatala rayonunda iki nəfər İkinci Dünya müharibəsi iştirakçısı yaşayır. Onların qəhrəmanlıqlarla dolu şərəfli ömür yolu zaqatalalı gənclərə əsl nümunədir.
Tədbir bədii proqramla davam edib.