19.11.2021
Kortala kənd diyarşünaslıq evində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar olaraq "Dahi söz ustadı - Aşıq Ələsgər" adlı online tədbir keçirilmişdir. Tədbiri müəssisənin müdiri Şəfa Məmmədova açaraq bildirdi ki, Aşıq Ələsgər 1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olmuşdur. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı. Onun əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı da vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardandır. Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir.
Sonra müəssisənin metodisti Aidə Əlibəyova çıxış edərək bildirdi ki, Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı İslamı da dərindən bilən birisi kimi ad qoymuş və bu sahəyə öz yaradıcılığında geniş yer vermişdir.
Yaradıcılığında nəsihətamiz şeirlərə geniş yer verən Aşıq Ələsgər xalq tərəfindən sevib sevilmiş və el ağsaqqalına çevrilmişdir.
Sonra Tülü folklor evinin metodisti Ülviyyə Bayramova çıxış edərək bildirdi ki, Aşıq Ələsgər zəngin yaradıcılığı ilə Azərbaycan aşıq ədəbiyyatının barlı-bəhərli əbədiyyət ağacıdır. Zaman-zaman nəsillər bu ağacı ziyarət edəcək, Aşıq Ələsgərin söz dünyasından nübar sözlər, misralar, fikirlər dərəcək, Ələsgər möcüzəsi yenə də bitib-tükənməyəcək. Ələsgər kimi dahi söz ustadını hər daim tanıtmalı, onun o rəngarəng əsərlərini gələcək nəsillərə çatdırmalıyıq.
Daha sonra gənclərdən Mominət Qeybullayeva isə Aşıq Ələsgərin " Dağlar" şeirini söylədi.