07.11.2021
Şəki şəhər Heydər Əliyev Mərkəzində 8 Noyabr–Zəfər Gününə həsr olunmuş onlayn tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədov, Şəki Heydər Əliyev Mərkəzinin, Şəki MKS-nin əməkdaşları iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Xuraman Səmədova bildirdi ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsidir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi”.
Qeyd etdi ki, Ermənistan silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də təcavüzkar təxribatlara yenidən başlamasına cavab olaraq cənab Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Ordumuz torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistanın sülhə məcbur edilməsi, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaları və ədalətin bərpası üçün Vətən müharibəsinə başlayıb. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.
Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin edən mühüm amillər oldu. Azərbaycan ordusu “Dəmir yumruq” əməliyyatı ilə düşmənin belini qırdı və möhtəşəm qələbəyə imza atdı. Bu münasibətlə cənab Prezident İlham Əliyev qələbəmizin qeyd edilməsi məqsədilə xüsusi bayram gününün təsis edilməsi barədə sərəncam imzalamışdır.
Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə qeyd edilən gün. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" sərəncama əsasən qeyd edilir.
Daha sonra söz Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili, Ombudsmanın Şəki Regional Mərkəzinin rəhbəri Pərviz Məmmədova verildi. Öz çıxışında qeyd etdi ki, Şanlı tariximiz olan Zəfər Günün ölkəmizin hər bir şəhərində, qəsəbəsində, kəndində böyük təntənə ilə qeyd olunması hər bir Azərbaycanlıya qürur verir. Uzun illərdən bəri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan məqsədyönlü işlər, yürüdülən uzaqgörən siyasət, xüsusilə, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini, Zəfər Günü sevincini bizə yaşatdığı üçün Ali Baş Komandana və Müzəffər Ordumuza dərin məhəbbəti ifadə etmişlər.