07.11.2021
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzində “Zəfər yazdı oğulların, hər daşda, hər qayada” adlı konsert təşkil olunub. Vətən müharibəsi iştirakçılarının, qazilərin, mədəniyyət işçilərinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin əvvəlində şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Mədəniyyət Mərkəzinin direktoru Aqaəli Cəlilov və tədbirin aparıcısı Nazilə Qaffarova Zəfər Günü münasibətilə təbrik nitqi ilə çıxış ediblər. Çıxışlarda bildirilib ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr 2020-ci il tarixdə təcavüzkar təxribatlara yenidən başlamasına cavab olaraq başlanılan və 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu işğal altında olan ərazilərimizi azad etmişdir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Sonra müğənnilərdən Zabil Məmmədovun, Sadiq Hüseynovun, Elnur Sadıqovun və Sərdar Yunusovun ifalarında“Şuşanın dağları”, “Azərbaycan oğluyam”, “Yaşa Azərbaycan”, “Xudayar təsnifi”, “Dədə qorqud” filmindən mahnı və s. musiqi nömrələri, bədii qirayətçi Dilbər Yaqubovanın ifasında “Mən Azərbaycanam” şeiri səsləndirilib.
Tədbirin sonunda konsertdə iştirak edən qazilərin adından Asif Məmmədəliyev çıxış edərək konsertin təşkilatçılarına təşəkkürünü bildirmişdir.