Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Oğuzda 18 Oktyabr-Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videokonfrans keçirilib

18.10.2021

Oğuz rayon Gənclər və İdman İdarəsinin, DQİDK-nin Şəki bölgəsi üzrə şöbəsinin, YAP Oğuz rayon Gənclər birliyinin və Oğuz rayon MKS-nin birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Gİİ-nin rəisi Ramiz Mahmudovun, Ombudsman aparatının nümayəndəsi Pərviz Məmmədovun və DQİDK-nin Şəki bölgəsi üzrə nümayəndəsi Samir Salehovun Müstəqilliyə aparan yolun tarixi haqqında ətraflı çıxışları dinlənilib.

Çıxışlarda qeyd olunub ki, məhz müdrik Azərbaycan xalqının tələbi ilə xalqın böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı. Nəticədə, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyası təmin olundu. Dünyanın nüfuzlu şirkətlərinin, xüsusən böyük neft şirkətlərinin Azərbaycandakı karbohidrogen resurslarının işlənməsinə cəlb olunması dayanıqlı inkişafın əsasını qoydu. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.

Daha sonra Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi Vasif İsgəndərov, Yap Oğuz Gənclər birliyinin sədri Elşən Alcansoy və Mərkəzi kitabxananın informasiya resurs şöbəsinin müdiri Mehparə Bəkirova çıxış ediblər. Çıxış edənlər 30 ildən sonra ilk dəfə olaraq Müstəqillik gününün qürur və fəxarətlə qeyd etdiklərini, bunun üçün isə ilk növbədə xalq, Ordu və Dövlətimizin birliyinə minnətdar olduqlarını dilə gətiriblər.