Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Böyük qayıdışın başlanğıcı - Cocuq Mərcanlı”

03.05.2018

Bu gün dünyada qanlı toqquşmaların artdığı, hətta inkişaf etmiş əksər ölkələrdə iqtisadi böhranın ciddi çətinliklər törətdiyi bir vaxtda Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edərək milli mənafeyini, dövlətçilik ənənələrini yüksək səviyyədə qoruyur, müstəqil, balanslaşdırılmış siyasət yürüdür. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun davamlılığının təmin olunması Azərbaycanın dövlətçilik əsaslarının daha da möhkəmləndirilməsinə,  müstəqilliyimizin əbədiliyinə, dövlətin hərtərəfli yüksəlişinə ən etibarlı təminatdır.  Ölkə Prezidentinin həyata keçirdiyi mütərəqqi islahatlar bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hərbi ölkə vətəndaşı hiss edir ki, onun arxasında güclü Azərbaycan dövləti və Prezidenti, güclü Azərbaycan Ordusu var. Şanlı tarixə çevrilmiş 2016-cı ilin aprel döyüşləri bunu bir daha təsdiq etdi. Qeyd etmək lazımdır ki, Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun 1993-cü ilin dekabrında başlamış, 1994-cü il yanvarın 6-na kimi davam etmiş uğurlu Horadiz əməliyyatı nəticəsində azad edilən yaşayış məntəqəsidir. Ulu öndər Heydər Əliyevin qurduğu ordu o zaman Füzuli rayonunun bir hissəsini Araz çayı boyu düşməndən təmizləmişdi. Döyüş bölgəsinə Ümummilli lider Heydər Əliyevin şəxsən getməsi isə orduda böyük ruh yüksəkliyi yaratmışdı. Ordumuz 1993-cü ildə işğal olunmuş Cocuq Mərcanlıya qədər irəliləmiş və kəndi azad etmişdi. Lakin ətraf yüksəkliklərin düşmən nəzarətində olması səbəbindən kənddə yaşayış qeyri-mümkün idi. Ermənilər Lələ təpə yüksəkliyindəki mövqedən Cocuq Mərcanlı istiqamətində daim təhlükə yaradırdılar. 2016-cı ilin aprel döyüşlərindən sonra bu təhlükə aradan qaldırıldı, Lələ təpədə Azərbaycan bayrağı ucaldıldı və Prezidentimizin Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə əlaqədar olaraq Sərəncam imzalaması ilə “Böyük qayıdış” başlandı.

3 may 2018-ci il tarixində Zaqatala RİH, Bakı İslam Universitetinin Zaqatala şöbəsi və Zaqatala Rayon Mərkəzləşdirilmiş Kitabxana sisiteminin birgə təşkilatçılığı ilə “Böyük qayıdışın başlanğıcı - Cocuq Mərcanlı” adlı tədbir həyata keçirilmişdir. Universitetin müəllim və tələbə kollektivinin, rayon ziyalılarının və aprel döyüşlərində həlak olmuş rayonun iki şəhidi - Sərxan və Nurayın valideyinlərinin də iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Açılış nitqi ilə universitet müdiri və rayonunun qazisi Malik Bilalov çıxış etdi. Çıxış nitqində o qeyd etdi ki, bu ilin aprel ayında universitetin müəllimləri Cocuq Mərcanlını ziyarət etmiş, azad olunan ərazilərlə yaxından tanış olmuşlar. Rayonun ziyalısı Həşim İsmayılo və universitetin prorektoru Fuad Quliyev Cocuq Mərcanlı təəssüratlarını tədbir iştirakçıları ilə paylaşdılar. Oradakı yenidənqurma və bərpa işlərindən, həyatın normal axarına qayıtmasından, insanların təhlükəsiz yaşamasından danışdılar. Sonra Zaqatala rayon MKS-nin direktoru Gülniyar Məmmədova “Liderin qətiyyəti, Azərbaycan təntənəsi” adlı məruzə ilə çıxış etdi. Tədbirdə nümayiş edilən slaydlar xüsusuilə şəhidlərimiz Sərxan və Nuraydan bəhs edən “Şəhidlər ölməz - Zaqatala aprel şəhidləri” adlı slayd hər kəsi həddən artıq duyğulandırdı. YAP Zaqatala rayon Gənclər Təşkilatının sədri Ramin Həsənov tədbirdə iştirak edən şəhid valideynlərinə üzünü tutaraq onlara bir daha səbr dilədi, aprel döyüşləri zamanı Zaqatala gənclərində olan hərbi ruh yüksəkliyindən, onlardakı vətənpərvərlik hisslərindən danışdı və ümumiyyətlə hər bir azərbaycanlı gəncin qəlbində yaşayan bu vətən sevgisi ilə Ali Baş Komandanın əmri ilə tezliklə Qarabağın da alınacağına əminliyini ifadə etdi. Son olaraq Qurani-Kərim tilavəti və dua üçün söz universitetin Qurani-Kərim müəllimi, hafiz Laçın Quliyevə verildi.