17.09.2021
Qax rayonunun mədəniyyət işçiləri II Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının əziz xatirəsini yad etmək üçün rayondakı Şəhidlər xiyabanını və Şəhid ailələrini ziyarət ediblər.
Şəki RMİ-nin Qax rayonu üzrə baş məsləhətçisi Dilarə Əzizovanın və MKS-nin direktoru GÜllü Əhmədovanın təşkilatçılığı ilə baş tutan tədbirdə Şəhidlər xiyabanında uyuyan cəngavər əsgər və zabitlərimizin, eyni zamanda Şuşa şəhəri uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmış Kamran Elşən oğlu Şərifovun Marsan kənd qəbiristanlığındakı məzarları qarşısında onların əziz xatirələri anılıb.
Sonra ziyarətçilər Şəhidlərin ailəsinə baş çəkib, Şəhid Kamran Şərifovun və Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun ailə üzvləri ilə görüşüblər. Görüşdə Şəhidlərimizlə bağlı xatirələr səsləndirilib, onların müharibədəki igidlik və şücaətindən danışılıb.