16.07.2021
Balakən rayon Qullar kənd kitabxana filialının müdiri Sanur Yetimova, Poşbinə kənd kitabxana filialının müdiri Vüsalə Novruzova və digər mədəniyyət işçiləri ölümü ilə şanlı səhifə yazmış Vətən Müharibəsi Şəhidi Alqayev Harun Məhəmməd oglunun məzarını ziyarət ediblər.
Anım mərasimində Şəhidin mızarı üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub. Alqayev Harun Məhəmməd oğlu 14 iyul 1992-ci ildə Balakən rayonu Gərəkli kəndində anadan olmuşdur. 1998-ci ildən 2007-ci ilə qədər Balakən rayonu Nəsimi adına 2 saylı orta məktəbdə təhsil almışdır.2007-ci ildən 2010-cu ilə qədər təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirmiş, 2010-cu ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş, 2014-cü ildə həmin məktəbi bitirmişdir. 2016-cı ildən 2020-ci ilədək kəşfiyyat müşahidə tağım komandiri vəzifəsində işləmişdir. Bu müddət ərzində dəfələrlə düşmənin nəzarətində olan ərazilərə keçərək onlar haqqında kəşfiyyat məlumatları toplamışdır. Rus və erməni dillərini mükəmməl öyrənmiş və 2020-ci ildən Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Qüvvələri sırasında Baş kəşfiyyatçı vəzifəsini layiqincə yerinə yetirmişdir. 2020-ci il 27 sentyabr tarixində başlanan Vətən müharibəsinin Kəlbəcər, Füzuli və Hadrut uğrunda gedən döyüşlərində fəal iştirak edərək, Şəhidlik zirvəsinə ucalmışdır. Harun Alqayev ölümündən sonra "Vətən uğrunda","Igidliyə görə"və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.