29.06.2021
Balakən rayon İcra Hakmiyyəti və Balakən rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Silahlı Qüvvələr Günü: qürur və şərəf tariximiz” adlı videokonfrans keçirilib. Tədbirdə Balakən rayon Heydər Əliyev Mərkəzi, Balakən rayon İcra Hakimiyyəti, Balakən rayon Hərbi Komissarlığı, Balakən Gənclər və İdman İdarəsi və Balakən MKS-nin əməkdaşları və qazilər iştirak ediblər.
Tədbiri giriş sözüylə açan Balakən rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Balayeva qeyd edib ki, tarixi varislik adət-ənənəsinə uyğun olaraq Ümummilli liderimiz Heydər Əliyevin 22 may 1998-ci il sərəncamına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün- 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələr günü elan olunmuşdur. Ulu Öndərin rəhbərliyi ilə əsası qoyulan ordu quruculuğu bu gün ölkəmizin dinamik inkişafına uyğun olaraq özünün yeni mərhələsinə qədəm qoymuş, Azərbaycan Silahlı Qüvvələri tarixi qələbə əldə etmişdir.
Sonra Balakən rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdür müavini Fariz Nəcəfov Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində ötən müddətdə böyük işlər həyata keçirdiyini vurğulayıb. Bildirilib ki, Dövlət başçısının diqqət və qayğısı sayəsində ordunun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmış, ordunun döyüş qabiliyyəti yüksəldilmişdir.
Daha sonra çıxış edən Balakən rayon Hərbi Komissarlığının nümayəndəsi Emin Quliyev, Balakən rayon İcra Hakimiyyətinin vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ağayev Ağa, Balakən Gİİ-nin baş məsləhətçisi Nurlan Şibliyev, Balakən rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Aynur Omarova bildiriblər ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Tədbirin sonunda II Qarabağ müharibəsində yüksək qəhrəmanlıq göstərərək, şəhidlik zirvəsinə ucalmış Balakənli gənclərin əziz xatirəsinə həsr olunmuş videoçarx nümayiş edilib.