11.06.2021
Qax rayon Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları qəhrəman Şəhid Bünyadlı Rəvan Asif oğlunun ailəsini ziyarət edib, ailə üzvlərinə mənəvi və maddi dəstək göstəriblər.
Görüş zamanı Şəhidin şərəfli həyat və döyüş yoluna nəzər salınıb. Bildirilib ki, Rəvan Bünyadlı 2001-ci il avqustun 5-də Qax rayonu Almalı kəndində anadan olub. Vətənə canı və qanı ilə bağlı olan Şəhidimiz 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən müharibəsində fəal iştirak edib və Suqovuşan döyüşləri zamanı Milli qəhrəman Mübariz İbrahimovun Şəhid olduğu post istiqamətində Şəhadətə yüksəlib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəvan Bünyadlı ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.