Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Balakəndə Beynəlxalq xurma festivalı keçirilib

04.11.2017

Noyabrın 4-də Balakən şəhərindəki ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında “Beynəlxalq xurma festivalı” keçirilib.

Balakən Rayon İcra Hakimiyyəti, “Balkhoorma” şirkəti, Mədəniyyət və Turizm, Kənd Təsərrüfatı nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən festivalda respublikamızda fəaliyyət göstərən beynəlxalq təşkilatların, xarici ölkə səfirliklərinin nümayəndələri, Milli Məclisin deputatları, həmçinin digər qonaqlar və rayon sakinləri iştirak ediblər.

Rayon rəhbərliyi və qonaqlar əvvəlcə ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında, dağüstü yüksəklikdə ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Sonra qonaqlar festivalın keçirildiyi mədəniyyət və istirahət parkının ərazisində xurma ağacları əkiblər.

Festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub.

Həmin festivalda Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin əhatə etdiyi Şəki, Zaqatala və Qax rayon təmsilçiləri də iştirak edib, xurmadan hazırlanan şirniyyatlar, yeməklər nümayiş etdirilib, sənətkarların əl işlərinin sərgisi təşkil olunub. Şəkidə gələn pəhləvanlar zurnaçıların ifasında səsləndirdiyi musiqi sədaları altında öz məharətlərinin göstərmişlər. Tədbirin sonunda fərqlənən iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılıb.