Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Soyqırımlar dünyanın faciəsidir

29.03.2018

29 mart tarixində Zaqatala rayon Mərkəzi kitabxanasında 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş “Soyqırımlar dünyanın faciəsidir” adlı dəyirmi masa keçirilib. Tədbirdə kitabxana işçiləri ilə yanaşı, kitabxananın fəal oxucuları, fəal gənclər iştirak ediblər. Tədbir ilk öncə soyqırım qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra dəyirmi masada çıxış edən Xidmət şöbəsinin müdiri Nüşabə Əfəndiyeva çıxışında qeyd etdi ki, Azərbaycan xalqı XX əsrdə bir neçə dəfə soyqırımlarına məruz qalıb. Uzun illər azərbaycanlıların əzəli torpaqlarına sahib çıxmaq və burada "böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları 1918-ci ildə Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə məhv edib, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdıblar. Ötən əsrin 80-ci illərində SSRİ-nin süqutunun sürətlənməsindən istifadə edən ermənilər öz havadarlarının köməyi ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün Azərbaycana qarşı birbaşa hərbi təcavüzə başlayıblar. 1992-ci ilin fevralında isə Xocalıda azərbaycanlılara qarşı növbəti soyqırımı törədilib, torpaqlarımızın 20 faizi işğal olunub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra uzun illər gizli saxlanılan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsl qiymətini aldı. Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni strategiya müəyyənləşdi. Bu, Ulu Öndərin Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi məhrumiyyətlərə verdiyi əsl tarixi qiymət idi. İcra hakimiyyətinin başçısı Prezident İlham Əliyevin erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzaladığını da xatırladıb.

Daha sonra Quba, Şamaxı, Zəngəzur, Naxçıvan bölgələrində törədilmiş soyqırımlar haqqında məruzələr dinlənildi. Kitabxanada həmçinin “31 mart Azərbaycanlıların soyqırımı günüdür” başlıqlı sərgi də təşkil edilmişdir.