09.12.2017
R.B.Əfəndiyevin ev muzeyinin kollektivi MKS-nin R.B.Əfəndiyev adına 4 saylı kitabxana filialının kollektivi ilə birlikdə 9 dekabr 2017-cı il tarixdə Ulu Öndərimiz, mərhum Prezidentimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş “ Ölməz prezidentimiz” başlığı altında anım günü keçirildi. İlk öncə mərhum Prezidentimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Sonra tədbiri kitabxananın müdiri Təranə İsmayılova açaraq mərhum Prezidentimiz Heydır Əliyevin həyat və fəaliyyəti haqqında qısa məlumat verdi: Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil alıb. İkinci Dünya Müharibəsi ona təhsilini başa çatdırmağa imkan verməyib.
Dekabrın 12-si xalqımızın ümummilli lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçəcək, müstəqil Azərbaycanın hakimiyyət olimpinə çox siyasi xadimlər gələcək, amma ümummilli lider Heydər Əliyevin göstərdiyi xidmətlərin səviyyəsinə qalxmaq, onun ucaldığı zirvəyə çatmaq kimsəyə nəsib olmayacaqdır. Türkiyənin tanınmış dövlət xadimi Bülənt Ecevit siyasət nəhəngi Heydər Əliyevin yalnız Azərbaycan xalqı deyil, bütün türk dünyası qarşısında xidmətlərini qiymətləndirərkən böyük fəxrlə demişdir: “Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz. Heydər Əlirza oğlu Atatürk qədər qüdrətli bir türkdür. Heydər Əlirza oğlu min ildən bir yetişən dahilərdəndir”.
Sonra söz R.B.Əfəndiyevin ev muzeyinin direktoru Vəfa Qasımzadəyə verildi. Vəfa xanım mərhum Prezidentimizin gördüyü işlər haqqında ətraflı danışdı: “12 dekabr – Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Ulu öndərin Azərbaycana rəhbərliyinin 30 ilinin az qala üçdə ikisi sovet dövrünə təsadüf etmişdir. Heydər Əliyev məhz bu illərdə, sovet imperiyasının sərt rejiminə baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyi üçün göstərdiyi misilsiz xidmətləri ilə tarixdə layiqli yerini qazanmışdır. Bu parlaq şəxsiyyətin həmin illərdəki fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, mədəniyyətinə, ədəbiyyatına son dərəcə böyük sevgi və hörmət ilə yanaşdığını görür və heyrətlənməyə bilmirsən. Ulu öndərin xidmətlərini təhlil etdikdə aydın olur ki, bu dərin zəka sahibi hələ dövlət təhlükəsizlik orqanı kimi çox sərt rejimli bir strukturda çalışanda belə milli mənsubiyyəti ilə fəxr etmiş, qəlbində Azərbaycanın müstəqillik arzularını yaşatmışdır. Bu arzular ulu öndərin bütün fəaliyyəti boyu çox aydın şəkildə özünü göstərmişdir.