29.03.2018
Prezident İlham Əliyevin tapşırığına əsasən respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Şəki-Qəbələ-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Göyçay, Qazax və Tovuz rayonlarının məktəbliləri martın 28-də Zaqatala rayonuna gəlmişlər.
Tur-aksiya iştirakçıları Zaqatala rayon Heydər Əliyev Mərkəzində rayonun rəhbər işçiləri tərəfindən mehribanlıqla qarşılanıblar.
Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova məktəblilərə rayonun tarixi, mədəniyyəti, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə məlumat verib. Bildirilib ki, 128 min nəfərə yaxın əhalisi olan Zaqatala rayonunda 20-dən çox xalqın nümayəndəsi uzun illərdir dostluq və qardaşlıq şəraitində yaşayır.
Diqqətə çatdırılıb ki, Zaqatala rayonunun iqtisadiyyatında tütünçülük, meyvəçilik, o cümlədən fındıqçılıq, baramaçılıq, gülçülük mühüm yer tutur. Rayonda tütün istehsalı və emalı məntəqəsi, tütün və fındıq emaIı zavodları fəaliyyət göstərir. Yeni inşa edilən qızılgül yağı istehsalı müəssisəsində cari mövsümdən etibarən məhsul istehsalına başlanılacaq.
Sonra tur-aksiyada iştirak edən doqquz rayonun məktəbliləri Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar. Məlumat verilib ki, 2008-ci ildən fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin yeni binası 2015-ci ilin noyabrında istifadəyə verilib. İkimərtəbəli binada müxtəlif təyinatlı bölmələr fəaliyyət göstərir. Binanın birinci mərtəbəsindəki ekspozisiya zalında Ulu Öndərin zəngin həyat yolu və çoxşaxəli fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür. Binada, həmçinin akt və konfrans zalları, elektron kitabxana, kinozal, müxtəlif dərnək otaqları, fotostudiya, poliqrafiya emalatxanası və digər otaqlar yerləşir. Mərkəzdə fəaliyyət göstərən rəqs, rəsm, gitara, gənc fotoqraf, dekorativ tikmə və toxuculuq dərnəklərində hər gün onlarla yeniyetmə və gənc məşğul olur.