15.03.2018
Mart ayının 15-də Nizami Gəncəvi adına 5 nömrəli kitabxana filialı və 28 nömrəli uşaq bağçasında “Novruz gəlir, yaz gəlir” adlı uşaq səhərciyi keçirildi. Tədbiri giriş sözü ilə 28 nömrəli uşaq bağçasının müdiri Süleymanova Mətanət xanım açıq elan etdi. O, Novruz bayramı münasibətilə uşaqları təbrik etdi və sözü 5 nömrəli kitabxana filialının müdiri Məsimova Reyhanəyə verdi. Reyhanə xanım Novruz bayramı haqqında məlumat verdi: Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir. Bu vaxt qış qurtarır, yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Novruz süfrəsini hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirniyyatlar bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və sair aiddir. Bu əziz bayram ərəfəsində hər bir azərbaycanlıya, onların ailələrinə bir daha səadət, cansağlığı arzu edirik və uğurlar diləyirik.
Sonra 28 nömrəli uşaq bağçasının uşaqları Novruz şənliyinə başladılar. Uşaqlar novruz bayramına həsr olunmuş şeirlər söylədilər, mahnılar oxudular, bağçanın müəllimləri ilə birlikdə rəqs etdilər. Al-əlvan boyanmış yumurtaları döyüşdürdülər. Səhnələşdirilmiş “Turp” nağılı uşaqların ifasında canlandırıldı. Sonda 28 nömrəli uşaq bağçasının müəllimləri və uşaqlar birlikdə xatirə şəkli çəkdirdilər.